16.11.2024
Noyabrın 16-da Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində
keçirilən məhkəmə seminarında iştirak etmək üçün Bakı şəhərinə səfər edən
Belçika Krallığının Konstitusiya Məhkəməsinin sədri Lük Lavrysen ilə görüş
keçirib.
Sədr Fərhad Abdullayev Bakıda keçirilən
genişmiqyaslı tədbirin bütün dünya ölkələri üçün əhəmiyyətini qeyd etmişdir. Fərhad
Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verərək, iki
ölkə arasında məhkəmə-hüquq əməkdaşlığın
vacibliyini qeyd etmiş ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, həmçinin insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin
qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulamışdır. Görüşdə Konstitusiya Məhkəmələrinin
məhkəmə təcrübəsində ətraf mühitin qorunması ilə bağlı qərarlar barədə fikir
mübadiləsi aparılmışdır.
Lük Lavrysen Azərbaycanın COP-29-a ev sahibliyi etməsini yüksək qiymətləndirib.
O, gələcəkdə də Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olacağına ümid etdiyini və
qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu vurğulamışdır.
Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin
binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.