26.02.2024
Fevralın
26-da Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri, hakimləri və Aparatın əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı
soyqırımı abidəsini ziyarət ediblər.
Daha sonra
Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.
Tədbirin
əvvəlində soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə
qeyd edilib ki, bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli
cinayətlərindən biri olan Xocalı soyqırımından 32 il ötür. Dinc əhalinin tarixi
torpaqlarından qovulması, qaçqına, məcburi köçkünə çevrilməsi və bütün bunların
kütləvi qırğınlarla müşayiət olunması Ermənistanın uzun illərdən bəri azərbaycanlılara
qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib
hissəsi idi.
Vurğulanıb
ki, Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu qeyd
edən xalqımızın Ümummilli Lideri Heydər
Əliyev bu faciəyə siyasi-hüquqi qiymət
verərək, haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların nəzərinə
çatdırmışdır.
Dövlətimizin
haqlı mövqeyini bütün dünyaya nümayiş etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin mükəmməl xarici siyasəti, müstəsna xidmətləri və
gərgin əməyi nəticəsində xalqımıza qarşı törədilən deportasiyalar,
soyqırımılar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər
cinayətlər barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasına,
onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli münasibət bildirilməsinə müvəffəq
olunmuşdur.
Xocalı
qətliamının dünya dövlətləri tərəfindən tanıdılması, faciə qurbanlarının xatirəsinin
əbədiləşdirilməsi, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin
gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Hazırda
ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən xalqımıza qarşı törədilmiş bir
sıra kütləvi qətllər, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı verilmiş
amansız işgəncələr araşdırılır. Həmin cinayətlərin təşkili və törədilməsində
iştirak etmiş bir sıra şəxslər müəyyən edilərək, cinayət məsuliyyətinə cəlb
olunub və digər şəxslərin də mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə
cəlb olunması istiqamətində işlər davam etdirilir, zəruri addımlar atılır.
Daha
sonra Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev
Fondunun həyata keçirdiyi mühüm layihələr qeyd edilərək, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki əvəzsiz
xidmətləri xüsusi vurğulanıb. Məhz bu uğurlu fəaliyyət nəticəsində dünya
ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumata malikdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı həqiqətlərinin dünya
dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması, soyqırımla bağlı həqiqətlərin
geniş miqyasda çatdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsində
böyük əhəmiyyət kəsb etdiyi xüsusilə qeyd olundu.
Fərhad
Abdullayev çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun Vətən
müharibəsində böyük Qələbəsi nəticəsində işğal altındakı torpaqlarımızın azad
edilməsi otuz il davam edən işğala və ədalətsizliyə son qoyuldu. Respublikamızın
ərazi bütövlüyü bərpa olundu, həmçinin, beynəlxalq hüquq normalarının aliliyi təmin
edildi.
Sədr
qeyd edib ki, Xocalı şəhərinin ötən il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin
Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan
silahlı qüvvələrinin Qarabağda yerləşən hərbi birləşmələrindən tamamilə təmizlənməsi
və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində
Azərbaycanın üçrəngli bayrağını ucaltması soyqırımı qurbanlarının qanının yerdə
qalmadığını, onların qisasının alındığını sübut etdi.
Tədbirin
sonunda xüsusilə vurğulandı ki, Xocalı faciəsinin və həqiqətlərinin xalqımızın
qan yaddaşı kimi dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının
borcudur. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və faciə
qurbanlarının xatirəsini daim əziz tutacaq.