Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib

News

2024 Feb

26.02.2024

Fevralın 26-da Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın əməkdaşları  faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Daha sonra Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd edilib ki, bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımından 32 il ötür. Dinc əhalinin tarixi torpaqlarından qovulması, qaçqına, məcburi köçkünə çevrilməsi və bütün bunların kütləvi qırğınlarla müşayiət olunması Ermənistanın uzun illərdən bəri azərbaycanlılara qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

Vurğulanıb ki, Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu qeyd edən  xalqımızın Ümummilli Lideri Heydər Əliyev  bu faciəyə siyasi-hüquqi qiymət verərək, haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların nəzərinə çatdırmışdır.

Dövlətimizin haqlı mövqeyini bütün dünyaya nümayiş etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl xarici siyasəti, müstəsna xidmətləri və gərgin əməyi nəticəsində xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımılar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasına, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli münasibət bildirilməsinə müvəffəq olunmuşdur.

Xocalı qətliamının dünya dövlətləri tərəfindən tanıdılması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Hazırda ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən xalqımıza qarşı törədilmiş bir sıra kütləvi qətllər, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı verilmiş amansız işgəncələr araşdırılır. Həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş bir sıra şəxslər müəyyən edilərək, cinayət məsuliyyətinə cəlb olunub və digər şəxslərin də mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir, zəruri addımlar atılır.

Daha sonra Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr qeyd edilərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Məhz bu uğurlu fəaliyyət nəticəsində dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumata malikdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı həqiqətlərinin dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması, soyqırımla bağlı həqiqətlərin geniş miqyasda çatdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdiyi xüsusilə qeyd olundu.

Fərhad Abdullayev çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun Vətən müharibəsində böyük Qələbəsi nəticəsində işğal altındakı torpaqlarımızın azad edilməsi otuz il davam edən işğala və ədalətsizliyə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu, həmçinin, beynəlxalq hüquq normalarının aliliyi təmin edildi.

Sədr qeyd edib ki, Xocalı şəhərinin ötən il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşən hərbi birləşmələrindən tamamilə təmizlənməsi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut etdi.

Tədbirin sonunda xüsusilə vurğulandı ki, Xocalı faciəsinin və həqiqətlərinin xalqımızın qan yaddaşı kimi dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və faciə qurbanlarının xatirəsini daim əziz tutacaq.