01.02.2024
Fevralın
1-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Aparatının 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
İclası
açan sədr Fərhad Abdullayev bildirib ki, ötən ilin sentyabrında Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin məharətli rəhbərliyi ilə Azərbaycanın
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirilən
lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə
Azərbaycanın dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi.
30 ilə
yaxın öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın Konstitusiyada təsbit
edilmiş bir sıra hüquqlarının, o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış
yeri seçmək, təhlükəsiz yaşamaq kimi hüquqlarının tam şəkildə təmin edilməsinə
zəmin yaranır.
Diqqətə
çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2022-ci il
tarixli Sərəncamı ilə ötən il “Heydər
Əliyev ili” elan edilib. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən görkəmli şəxsiyyət Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib.
Belə ki, hüquq olimpiadaları, ağacəkmə aksiyası, “XXI əsrdə insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri
konfrans, Konstitusiya Məhkəməsində Ulu Öndərin zəngin irsini əks etdirən fotosərgi
keçirilib.
Qeyd olunub
ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında
inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli
dövrünü yaşayır.
Bundan
sonra, bildirilib ki, ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir
sıra mühüm qərarlar qəbul edilmişdir.
Qeyd
edilib ki, hesabat ili ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmış
konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli 36 Qərar və 14 qərardad qəbul
edilib. Bildirilib ki, Konstitusiya Məhkəməsinə 11 sorğu, 36 müraciət daxil
olub.
Eyni
zamanda qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə hesabat
ili ərzində ümumilikdə 1912 ərizə və şikayət, onlardan 675 ərizə və şikayət onlayn
müraciət vasitəsilə daxil olub.
Ulu
Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi
2023-cü ildə 25 illiyini qeyd etmişdir. Bu yubiley münasibətilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyevin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə Konstitusiya Məhkəməsinin
hakimləri və Aparatın bir qrup əməkdaşı orden və medallarla təltif edilmişdir. Sədr
vurğulayıb ki, bu yüksək təltifləri biz Konstitusiya Məhkəməsinin kollektivinə
göstərilən etimad olmaqla yanaşı böyük məsuliyyət kimi qəbul edirik.
Vurğulanıb
ki, 2024-cü ilin vacib hadisələrindən biri fevralın 7-də növbədənkənar
Prezident seçkilərinin keçirilməsidir. Konstitusiya Məhkəməsi qanunvericilikdə
nəzərdə tutulmuş müddət çərçivəsində Prezident seçkilərini təsdiq və elan edir.
Sədr Fərhad Abdullayev bir daha Konstitusiya Məhkəməsinin bütün kollektivinin səsvermədə
fəal olmağa çağırdı.
İclasda
Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin
hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu,
müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul
edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati
məsələlərlə bağlı məruzələr dinlənilib.
Daha
sonra Sədr diqqətə çatdırdı ki, Konstitusiya Məhkəməsinin yenilənmiş rəsmi internet
səhifəsi və həmin internet səhifəsində yaradılmış axtarış sistemi müasir tələblərə
cavab verərək, vətəndaşların ərizə və şikayətlərinin onlayn qəbulu, onlara operativ
şəkildə baxılması, həmçinin ictimaiyyətin Məhkəməyə əlçatanlığını daha da
genişləndirmək üçün imkanlar yaradır.
Sədr
vurğuladı ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəllifi Ulu
Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi
dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək
olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
Konstitusiya
Məhkəməsinin sədri öz çıxışını yekunlaşdıraraq, 2023-cü ildə görülmüş işləri qənaətbəxş
qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə
hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələr, Aparatın
qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verib.