Konstitusiya Məhkəməsi Aparatının 2023-cü il üzrə hesabat iclası keçirilib

Новости

2024 Feb

01.02.2024

Fevralın 1-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İclası açan sədr Fərhad Abdullayev bildirib ki, ötən ilin sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məharətli rəhbərliyi ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi.  

30 ilə yaxın öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş bir sıra hüquqlarının, o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, təhlükəsiz yaşamaq kimi hüquqlarının tam şəkildə təmin edilməsinə zəmin yaranır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə  ötən il “Heydər Əliyev ili” elan edilib.  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən görkəmli şəxsiyyət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib. Belə ki, hüquq olimpiadaları, ağacəkmə aksiyası, “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans, Konstitusiya Məhkəməsində Ulu Öndərin zəngin irsini əks etdirən fotosərgi keçirilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli dövrünü yaşayır.

Bundan sonra, bildirilib ki, ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Qeyd edilib ki, hesabat ili ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli 36 Qərar və 14 qərardad qəbul edilib. Bildirilib ki, Konstitusiya Məhkəməsinə 11 sorğu, 36 müraciət daxil olub.

Eyni zamanda qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə hesabat ili ərzində ümumilikdə 1912 ərizə və şikayət, onlardan 675 ərizə və şikayət onlayn müraciət vasitəsilə daxil olub.  

Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 2023-cü ildə 25 illiyini qeyd etmişdir. Bu yubiley münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın bir qrup əməkdaşı orden və medallarla təltif edilmişdir. Sədr vurğulayıb ki, bu yüksək təltifləri biz Konstitusiya Məhkəməsinin kollektivinə göstərilən etimad olmaqla yanaşı böyük məsuliyyət kimi qəbul edirik.

Vurğulanıb ki, 2024-cü ilin vacib hadisələrindən biri fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsidir. Konstitusiya Məhkəməsi qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində Prezident seçkilərini təsdiq və elan edir. Sədr Fərhad Abdullayev bir daha Konstitusiya Məhkəməsinin bütün kollektivinin səsvermədə fəal olmağa çağırdı.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Daha sonra Sədr diqqətə çatdırdı ki, Konstitusiya Məhkəməsinin yenilənmiş rəsmi internet səhifəsi və həmin internet səhifəsində yaradılmış axtarış sistemi müasir tələblərə cavab verərək, vətəndaşların ərizə və şikayətlərinin onlayn qəbulu, onlara operativ şəkildə baxılması, həmçinin ictimaiyyətin Məhkəməyə əlçatanlığını daha da genişləndirmək üçün imkanlar yaradır.

Sədr vurğuladı ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.

Konstitusiya Məhkəməsinin sədri öz çıxışını yekunlaşdıraraq, 2023-cü ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələr, Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verib.