19.01.2024
Qanlı
Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla yad
edilib.
Konstitusiya
Məhkəməsində 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr
olunmuş anım tədbiri keçirilib.
Tədbir
iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş
şəhidlərin və müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə
çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qanlı Yanvar faciəsini
müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun
başlanğıcı kimi dəyərləndirib.
Sədr
qeyd edib ki, 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik,
istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının
zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
1990-cı
ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə məhz Ulu Öndər Heydər
Əliyev tərəfindən verildiyi qeyd edilib. Ümummilli Lider Heydər Əliyev xalqın
arzusu və tələbi ilə Azərbaycana rəhbərlik etməyə qayıdandan sonra, 20 Yanvar
faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə
cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Məhz onun təşəbbüsü və göstərişləri
ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr haqqında” Qərar qəbul edib. Beləliklə, 20 Yanvar faciəsi məhz
Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz
siyasi-hüquqi qiymətini alıb.
Ümummilli
Lider Heydərin Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə,
onların ailələrinə dövlət qayğısının göstərilməsinə böyük diqqətlə yanaşıldığı
diqqətə çatdırılıb. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə
kompleksi məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti
olaraq inşa edilib. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixli Fərmanı
ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı
verilib.
Ümummilli
Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin
və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini
mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. 20 Yanvar hadisələri nəticəsində
şəhid ailələrinin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Ölkəmizdə
aparılan uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi
olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Prezidentın 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən,
şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.
Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva tərəfindən
hər zaman şəhid ailələrinə xüsusi nəvaziş, diqqət və qayğı ilə yanaşılıb,
onların sosial təminatı sahəsində mühüm işlər görülür.
2020-ci
ilin payızında Azərbaycan Milli Ordusu xalqımızın 30 illik həsrətinə son
qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək yeni reallıq yaratdı. İndi
həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad
edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və keçmiş məcburi
köçkünlər artıq öz doğma torpaqlarına qayıdırlar.
Sədr
bildirib ki, ötən ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qəhrəman Azərbaycan
Silahlı Qüvvələri dövlətimizin suverenliyini onun bütün ərazisində tam təmin
etdi və xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi.
İşğal
olunmuş torpaqların azad edilməsi və dövlətin ərazi bütövlüyünün təmin edilməsi
həm də vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarının bərpası oldu.
Sədr anım mərasiminə yekun vuraraq qeyd edib ki, 34 il əvvəl baş verən faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya sübut etdi.