20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb

News

2024 Jan

19.01.2024

Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla yad edilib.

Konstitusiya Məhkəməsində 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qanlı Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi dəyərləndirib.

Sədr qeyd edib ki, 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi qeyd edilib. Ümummilli Lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana rəhbərlik etməyə qayıdandan sonra, 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Məhz onun təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Beləliklə, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini alıb.

Ümummilli Lider Heydərin Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının göstərilməsinə böyük diqqətlə yanaşıldığı diqqətə çatdırılıb. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. 20 Yanvar hadisələri nəticəsində şəhid ailələrinin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Ölkəmizdə aparılan uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Prezidentın 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə xüsusi nəvaziş, diqqət və qayğı ilə yanaşılıb, onların sosial təminatı sahəsində mühüm işlər görülür.

2020-ci ilin payızında Azərbaycan Milli Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək yeni reallıq yaratdı. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və keçmiş məcburi köçkünlər artıq öz doğma torpaqlarına qayıdırlar.

Sədr bildirib ki, ötən ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qəhrəman Azərbaycan Silahlı Qüvvələri dövlətimizin suverenliyini onun bütün ərazisində tam təmin etdi və xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi.

İşğal olunmuş torpaqların azad edilməsi və dövlətin ərazi bütövlüyünün təmin edilməsi həm də vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarının bərpası oldu.

Sədr anım mərasiminə yekun vuraraq qeyd edib ki, 34 il əvvəl baş verən faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya sübut etdi.