24.11.2023
Noyabrın
24-də Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilmişdir.
Tədbir
iştirakçılarını salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demokratik
və müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın
ilk milli Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf
strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq, hüquq
sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul olunması və dünyəvi,
hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu. Həmçinin qeyd olundu
ki, 44 günlük Vətən müharibəsi və bu ilin sentyabr ayının 19-20 tarixlərində
keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə
sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş
bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların
tam şəkildə bərpası üçün real zəmin yarandı.
Sədr
bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə
sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin
olunması məqsədi daşıyır. Qeyd olunub ki, dövlət başçısı məhkəmə hakimiyyətinin
müstəqilliyinin təminatçısı kimi hakimlərin müstəqil olaraq qanuna uyğun ədalətli
və əsaslandırılmış qərarlar qəbul edilməsi və şəffaflıq əsasında fəaliyyət göstərməsinə
daim diqqət yetirir.
Vurğulandı
ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və
etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Daha sonra sədr
çıxışında hakimlərin yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət,
qanunçuluq, qərəzsizlik və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl
olunması ilə bağlı tövsiyələrini qeyd etmiş, hər hansı qərar qəbul edərkən
qanunun tələbləri və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının vacibliyini gənc hüquqşünasların diqqətinə çatdıraraq,
onlara gələcək hakim peşəsində uğurlar arzulamışdır.
Sonra
Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gənc hüquqşünaslara ətraflı məlumat
verilmiş, Plenum tərəfindən qəbul edilən 562 qərar və 164 qərardadda əks
olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulmuşdur.
Həmçinin, Konstitusiya Məhkəməsinin beynəlxalq hüquq əməkdaşlığına toxunularaq,
qəbul edilmiş qərarlarda beynəlxalq hüquq normaları, o cümlədən İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin presedent hüququnun və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə bağlı məlumat verilmişdir.
Görüşdə
Konstitusiya Məhkəməsinin hakimləri, Aparatın məsul əməkdaşları iştirak etmişlər.
Görüşün
sonunda namizədlər məhkəmə binası ilə tanış olmuşlar.