Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib

News

2023 Nov

24.11.2023

Noyabrın 24-də Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilmişdir.

Tədbir iştirakçılarını salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demokratik və müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq, hüquq sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul olunması və dünyəvi, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu. Həmçinin qeyd olundu ki, 44 günlük Vətən müharibəsi və bu ilin sentyabr ayının 19-20 tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.

Sədr bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır. Qeyd olunub ki, dövlət başçısı məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi hakimlərin müstəqil olaraq qanuna uyğun ədalətli və əsaslandırılmış qərarlar qəbul edilməsi və şəffaflıq əsasında fəaliyyət göstərməsinə daim diqqət yetirir.

Vurğulandı ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Daha sonra sədr çıxışında hakimlərin yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət, qanunçuluq, qərəzsizlik və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini qeyd etmiş, hər hansı qərar qəbul edərkən qanunun tələbləri və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının  vacibliyini gənc hüquqşünasların diqqətinə çatdıraraq, onlara gələcək hakim peşəsində uğurlar arzulamışdır.

Sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gənc hüquqşünaslara ətraflı məlumat verilmiş, Plenum tərəfindən qəbul edilən 562 qərar və 164 qərardadda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulmuşdur. Həmçinin, Konstitusiya Məhkəməsinin beynəlxalq hüquq əməkdaşlığına toxunularaq, qəbul edilmiş qərarlarda beynəlxalq hüquq normaları, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun və mütərəqqi beynəlxalq  təcrübənin tətbiqi ilə bağlı məlumat verilmişdir.   

Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri, Aparatın məsul əməkdaşları iştirak etmişlər.

Görüşün sonunda namizədlər məhkəmə binası ilə tanış olmuşlar.