Konstitusiya Məhkəməsinin Plenumu AR ƏM-in 6-cı mad.“a” bəndinin həmin Məcəllənin 208-ci mad. və AR İXM-in 43.4, 128.2.3 və 129.1.4-cü mad. əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2023 Oct

31.10.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıldı.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Azərbaycan Respublikası  Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta  haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest  səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.