22.05.2025
Azərbaycan xalqı tarix boyu qədim və güclü dövlətçilik
ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində səy göstərib,
vətəndaş-dövlət münasibətlərində həmrəylik və humanizm prinsiplərini əsas
götürüb. Bu
prinsiplər dövlətçilik tarixində qanunların əsas olduğu cəmiyyətin
formalaşdırılması üçün də baza rolunu oynayıb.
Zaman
keçdikcə müstəqil dövlət kimi qarşısına qoyduğu əsas vəzifələrə - vətəndaşları
üçün qanunun aliliyinin təmin edildiyi, milli-mənəvi dəyərlərə, ədalət
prinsipinə, vətəndaşyönümlü siyasətə əsaslanan inkişaf etmiş cəmiyyət yaratmaq
istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan dövlətçilik tarixinin qədim
əsrlərdən başlayan fərqli mərhələlərində bütün çətinliklərə baxmayaraq, qarşıya
qoyulan bu vəzifəyə daim əməl edilib və bütün bu prinsiplərin qorunması sonrakı
dövrlər üçün təməl hesab olunub. Məhz bu yanaşmadan çıxış edərək xalqın çoxəsrlik
dövlətçilik ənənəsinə, hüququn aliliyinə əsaslanan müstəqil, suveren Azərbaycan
dövlətini yaratmaq, qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olub. İnsan
hüquq və azadlıqlarının, qanunun aliliyi prinsipinin ən yüksək səviyyədə müdafiə
edildiyi və qorunduğu dövlətlərdən biri Azərbaycan Respublikasıdır.
1918-ci
il mayın 28-də Azərbaycanın timsalında Şərqdə ilk sivil və demokratik dövlət -
Azərbaycan Xalq Cümhuriyyəti yarandı. İndiki Azərbaycan Respublikasının varisi
olduğu bu cümhuriyyətdə 1918-ci ildə ilk hüquqi sənəd -
"Misaqi-Milli" adlanan İstiqlaliyyət Bəyannaməsi qəbul edildi. Sənəd
demokratik idarə və parlamentli respublika rejimini möhkəmləndirdi, daxili və
xarici, eyni zamanda milli siyasətin, vətəndaşların hüquqi statusunun əsaslarını
özündə əks etdirirdi. Lakin həmin dövr üçün bütün mütərəqqi ideyaları özündə əks
etdirməsinə baxmayaraq, bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi. Çünki
Konstitusiya hər bir dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını
müəyyənləşdirir, vətəndaşların hüquq və azadlıqlarını təmin edir. Bu baxımdan,
Azərbaycanda Ali Qanunun qəbulu hüquqi əhəmiyyətlə yanaşı, həm də tarixi məsuliyyət
idi. Bir sıra ilklərlə tarixə adını yazdırmış Azərbaycan Xalq Cümhuriyyəti
bütün bu təməl psinsipləri özündə əks etdirən Konstitusiyası ilə də nümunə ola
bilərdi. Buna görə də bu tarixi funksiyanın öhdəsindən layiqincə gəlmək üçün
parlament tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul
edilməsi nəzərdə tutulurdu. 1918-ci ildə bu istiqamətdə iş başlasa da, 1920-ci
il 28 aprel işğalı Konstitusiya qəbuluna yönəlmiş bütün prosesi dayandırdı.
1921-ci il mayın 6-da çağırılan Müvəqqəti Hökumətin qurultayında Azərbaycanın
Konstitusiya layihəsi müzakirə edildi və mayın 19-da keçirilən iclasda
yekdilliklə qəbul olundu. Ona görə də Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun tarixi məhz bu dövrdən hesablanır. Bu Konstitusiyanın SSRİ
Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də qəbul
olundu. 1927-ci il martın 26-da V Ümum-Azərbaycan Sovetlər Qurultayında Azərbaycan
SSR-in növbəti Konstitusiyası təsdiqləndi. 1936-cı ildə SSRİ-nin yeni
Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX
Ümum-Azərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni
Konstitusiyası qüvvəyə mindi. SSRİ dönəmində sonuncu dəfə Azərbaycan
Konstitusiyası 1978-ci ilin 21 aprelində qəbul edildi. Məhz bu Konstitusiya mətni
həmin dövr üçün mühüm əhəmiyyətə malik olduğu kimi, həm də gələcək müstəqil
dövlətçilik tarixi üçün maraqlı və zəruri maddə ilə diqqəti cəlb edirdi. Belə
ki, həmin Konstitusiyanın mətninin müzakirəsi zamanı, aprelin 2-də Azərbaycan
SSR Ali Sovetində məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə
73-cü maddə aşağıdakı redaksiyada verildi: "Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir". Beləliklə, həmin dövr
üçün olduqca çətin bir məsələnin həlli, Ana Qanunda Azərbaycan dilinə rəsmən
dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq və dövlət
qarşısında əvəzsiz xidmətlərindən biri idi və sonrakı müstəqillik dövrü üçün
tarixi əsaslardan biri hesab olunurdu. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra yeni Konstitusiyanın qəbulu da məhz ulu öndər Heydər
Əliyevin birbaşa səyi nəticəsində mümkün oldu.
1991-ci
il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə
tutulsa da, ozamankı hakimiyyətin yarıtmaz fəaliyyətinin səbəb olduğu böhran,
Ermənistanın işğalçılıq siyasəti müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbuluna
imkan vermirdi. SSRİ-dən miras qalmış hüquq sistemində köklü dəyişikliyə
ehtiyac vardı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunun
aliliyinin bərpası yeni qanunvericilik bazasının formalaşdırılmasını tələb
edirdi. Belə çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan
ümummilli lider Heydər Əliyev çıxışlarında ölkəni düşdüyü ağır siyasi-iqtisadi
böhrandan çıxarmaqla yanaşı, yeni Konstitusiyanın hazırlanması zəruriliyini də
vurğulayırdı. Hər iki prosesi paralel şəkildə aparan ulu öndər Heydər Əliyev
bilirdi ki, sabit, təhdidlərdən uzaq vətəndaşların hüquq və azadlıqlarının təmin
edildiyi ölkədə qanunun aliliyi əsasdır və bu yeni Konstitusiya ilə təsbit
edilməlidir.
Beləliklə,
1995-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni Konstitusiya layihəsi
üzərində iş başladı. 1995-ci il mayın 2-də Milli Məclisin qərarına əsasən
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə komissiya yaradıldı. Yeni sənəd
çox böyük ictimai maraqla qarşılandı, noyabrın 4-dək layihə barədə komissiyaya
2450 təklif daxil oldu. Ümummilli lider Heydər Əliyev bu barədə deyirdi:
"Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik
ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun".
Müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi
və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Həmin il noyabrın 27-də
qüvvəyə minən, 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından
ibarət Ali Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşdü.
Yeni Konstitusiyada Azərbaycan respublika idarəetmə formasına malik, unitar,
demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit olunurdu. Sonrakı mərhələlərdə
Konstitusiyanın daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxdı. Bununla
bağlı, 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il
sentyabrın 26-da keçirilən referendumlarda Konstitusiyaya əlavə və dəyişikliklər
edildi. Həmin dövrdən etibarən ölkəmizdə aparılan genişmiqyaslı qanunvericilik
və institusional islahatların əsasını da məhz Konstitusiya təşkil etdi. Ana
Qanunda Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin,
dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi
kimi ali niyyətlər əksini tapırdı. 2003-cü ildə cənab İlham Əliyevin Prezident
seçilməsindən sonra ölkədə həyata keçirilən mühüm islahatlar üçün də əsas
qanunvericilik bazası rolunu məhz Azərbaycan Konstitusiyası oynadı.
Əsas
Qanun Azərbaycanın dövlət quruculuğunun hüquqi əsaslarını müəyyən edir.
Konstitusiya hüququ sistemi bu hüquq sahəsinin konstitusiya hüququ normaları ilə
tənzimlənən ictimai münasibətlərin mövcud vəziyyəti ilə şərtlənən daxili
strukturudur. Konstitusiya ilk növbədə dövlətin qanuna tabe olmasını təmin etməsi
ilə xarakterizə olunur. Bu Ali Qanuna əsasən Azərbaycan demokratik dövlət kimi
insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü müəyyən edir. Dövlətin
əsaslarını müəyyən edərkən Konstitusiya ilk növbədə hər bir demokratik dövlətin
ayrılmaz atributları olan təsisatlara xüsusi yer ayırır. Bunların içərisində
insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olması, mülkiyyətin
toxunulmazlığına təminat, vətəndaşların sosial müdafiəsinin prioritet təşkil
etməsi mühüm yer tutur. Məhz bunlara vurğu edən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev deyib: "Respublikamızın Ali Qanununun müddəaları
dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək
ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi
üçün zəmindir". Prezident cənab İlham Əliyevin də dediyi kimi,
Konstitusiya ölkəmizdə hüquqi dövlət quruculuğu üçün tələb olunan bütün müddəaları
özündə əks etdirir, demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi ölkəmizdə bərqərar
olan hüquq sistemi, idarəçilik forması, insan və vətəndaş azadlıqları ilə bağlı
ilkin təəssürat yaradır. Hüququn aliliyinin təmin olunduğu Azərbaycan dövlətində
vətəndaş cəmiyyətinin qurulması istiqamətində çoxşaxəli fəaliyyət göstərilir,
dövlət təsisatları bu sahədə hüququn yaratdığı bütün imkanların vətəndaşların
lehinə səfərbər edilməsi üçün tələb olunan qanunvericilik bazasına sahibdir.
Zaman-zaman
hüquqi qanunvericilik bazası daha mütərəqqi formada təkmilləşdirilir, vətəndaş-dövlət
münasibətlərinin formalaşması üçün tələb olunan əlavə və dəyişikliklər edilir,
dünya təcrübəsində bu sahədə ən yaxşı nümunələr diqqətlə nəzərdən keçirilir, vətəndaşyönümlü
və insanyönümlü hüquqi bazanın yaradılması üçün möhkəm zəmin hazırlanır. Eyni
zamanda ölkəmizdə insan və şəxsiyyət azadlığı qorunur, din dövlətdən ayrıdır,
dinlərə qarşı münasibətdə ayrı-seçkilik yoxdur, Azərbaycan multikultural ölkə
kimi bütün dünyada azsaylı nümunlərdən birini ortaya qoyur. İdarəetmə sistemindəki
tamlıq, vahidlik, qurumlararası əlaqə hüququn tələblərinə və dövlətçilik ənənəsinə
əsasən qanunlarla tənzimlənir. Bu isə son nəticədə vətəndaşın hüquq və
azadlıqlarının qorunmasına Əsas Qanun çərçivəsində verilən təminata əsaslanır.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu strateji hədəf də məhz
buna - Ali Qanunumuzun müddəalarının bütün ölkə ərazisində təmininə yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2003-cü
ildə ali vəzifəyə seçildiyi dövrdən başlayaraq sistemli şəkildə məhz bu
strateji hədəfə yönəlmiş məqsədyönlü fəaliyyəti və 44 günlük Vətən müharibəsində
rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar tarixi Zəfərimizi,
Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və dövlətimizin ərazi
bütövlüyünün, suverenliyinin bərpasını, ölkəmizin sonrakı inkişafının bütün
aspektlərini şərtləndirdi. Çünki Ermənistanın təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan
Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermirdi.
Halbuki Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan
edilmişdi.
2020-ci
il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən
müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror
əməliyyatı bu strateji hədəfin təminində Prezident-Ordu-Xalq həmrəyliyinin ən
yaxşı nümunəsini ortaya qoydu. 44 günlük Vətən müharibəsi və ardınca antiterror
əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi. Bunun
məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19
sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycanda
Dövlət Suverenliyi Günü elan edildi. 2024-cü ilin 7 fevralında müstəqilliyin bərpasından
sonra bütöv, suveren Azərbaycanda ilk dəfə bütün ölkə ərazisində Prezident
seçkisi baş tutdu və xalq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi yenidən
Prezident seçdi. 28 iyun 2024-cü ildə ölkə tarixində ilk dəfə suveren Azərbaycan
ərazilərində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar
verildi. Ötən il sentyabrın 1-də keçirilən seçki də ilk dəfə bütün suveren ərazilərimizdə
baş tutdu. Beləliklə, suveren və müstəqil Azərbaycanın bütün ərazisində Ali
Qanunun - Konstitusiyanın hüquqi qüvvəsi tam təmin edildi.
Suverenliyini
və ərazi bütövlüyünü təmin edən Azərbaycan Konstitusiyanın tələblərinə və öz
suveren hüquqlarına əsaslanaraq strateji hədəflərə doğru inamla irəliləyir.
Buna 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyasından və antiterror əməliyyatından
sonra suveren Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıq da zəmin
yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il
sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk
iclasındakı çıxışını bu baxımdan dəqiq və kamil strategiyaya əsaslanan bütöv
konsepsiya adlandırmaq olar. Bu çıxışda qarşıya qoyulan hədəflər, vəzifələr,
onların təmini yolları dəqiqliklə göstərilib: "Ölkə qarşısında böyük vəzifələr
durur. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Qarabağı və Şərqi
Zəngəzuru bərpa etmək vəzifəsi var. Bizə qarşı bu çirkin oyun hələ bitməyib.
Bizim qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar
hazırlayır. Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Biz şərti
sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək
olar".
Prezident
cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq
uzun illərdir təmin edilir, sabitliyimiz bütün dünya üçün nümunə ola bilər:
"Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır. Digər
vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli
olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Gənc nəslin milli
ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının
əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. Tarixi Zəfərimizdən
sonra biz xarici siyasətimizdə daha sərbəstik, müstəqil, prinsipial xarici
siyasət bizim əsas istiqamətimizdir. Azərbaycan çoxdan özünü ləyaqətli və
qürurlu dövlət kimi təsdiqləyib".
Dövlət
başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində
Konstitusiyada təsbit edilən bütün müddəalar təmin olunur. Müstəqil, suveren Azərbaycanda
hüququn aliliyinin qarantı olan Konstitusiya dünyada ən nümunəvi qanunlardan
biri hesab edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dediyi kimi: "Qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər
bir hüquqi dövlətin ali məqsədini təşkil edir".
Rüstəm SƏLİMOV,
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi Aparatının
Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri.