Azərbaycan Konstitusiyası dövlət hüquq sisteminin əsası kimi

Новости

2025 May

22.05.2025

Azərbaycan xalqı tarix boyu qədim və güclü dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində səy göstərib, vətəndaş-dövlət münasibətlərində həmrəylik və humanizm prinsiplərini əsas götürüb. Bu prinsiplər dövlətçilik tarixində qanunların əsas olduğu cəmiyyətin formalaşdırılması üçün də baza rolunu oynayıb.

Zaman keçdikcə müstəqil dövlət kimi qarşısına qoyduğu əsas vəzifələrə - vətəndaşları üçün qanunun aliliyinin təmin edildiyi, milli-mənəvi dəyərlərə, ədalət prinsipinə, vətəndaşyönümlü siyasətə əsaslanan inkişaf etmiş cəmiyyət yaratmaq istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan dövlətçilik tarixinin qədim əsrlərdən başlayan fərqli mərhələlərində bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulan bu vəzifəyə daim əməl edilib və bütün bu prinsiplərin qorunması sonrakı dövrlər üçün təməl hesab olunub. Məhz bu yanaşmadan çıxış edərək xalqın çoxəsrlik dövlətçilik ənənəsinə, hüququn aliliyinə əsaslanan müstəqil, suveren Azərbaycan dövlətini yaratmaq, qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olub. İnsan hüquq və azadlıqlarının, qanunun aliliyi prinsipinin ən yüksək səviyyədə müdafiə edildiyi və qorunduğu dövlətlərdən biri Azərbaycan Respublikasıdır.

1918-ci il mayın 28-də Azərbaycanın timsalında Şərqdə ilk sivil və demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. İndiki Azərbaycan Respublikasının varisi olduğu bu cümhuriyyətdə 1918-ci ildə ilk hüquqi sənəd - "Misaqi-Milli" adlanan İstiqlaliyyət Bəyannaməsi qəbul edildi. Sənəd demokratik idarə və parlamentli respublika rejimini möhkəmləndirdi, daxili və xarici, eyni zamanda milli siyasətin, vətəndaşların hüquqi statusunun əsaslarını özündə əks etdirirdi. Lakin həmin dövr üçün bütün mütərəqqi ideyaları özündə əks etdirməsinə baxmayaraq, bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi. Çünki Konstitusiya hər bir dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını müəyyənləşdirir, vətəndaşların hüquq və azadlıqlarını təmin edir. Bu baxımdan, Azərbaycanda Ali Qanunun qəbulu hüquqi əhəmiyyətlə yanaşı, həm də tarixi məsuliyyət idi. Bir sıra ilklərlə tarixə adını yazdırmış Azərbaycan Xalq Cümhuriyyəti bütün bu təməl psinsipləri özündə əks etdirən Konstitusiyası ilə də nümunə ola bilərdi. Buna görə də bu tarixi funksiyanın öhdəsindən layiqincə gəlmək üçün parlament tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsi nəzərdə tutulurdu. 1918-ci ildə bu istiqamətdə iş başlasa da, 1920-ci il 28 aprel işğalı Konstitusiya qəbuluna yönəlmiş bütün prosesi dayandırdı. 1921-ci il mayın 6-da çağırılan Müvəqqəti Hökumətin qurultayında Azərbaycanın Konstitusiya layihəsi müzakirə edildi və mayın 19-da keçirilən iclasda yekdilliklə qəbul olundu. Ona görə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi məhz bu dövrdən hesablanır. Bu Konstitusiyanın SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də qəbul olundu. 1927-ci il martın 26-da V Ümum-Azərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiqləndi. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümum-Azərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə mindi. SSRİ dönəmində sonuncu dəfə Azərbaycan Konstitusiyası 1978-ci ilin 21 aprelində qəbul edildi. Məhz bu Konstitusiya mətni həmin dövr üçün mühüm əhəmiyyətə malik olduğu kimi, həm də gələcək müstəqil dövlətçilik tarixi üçün maraqlı və zəruri maddə ilə diqqəti cəlb edirdi. Belə ki, həmin Konstitusiyanın mətninin müzakirəsi zamanı, aprelin 2-də Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verildi: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Beləliklə, həmin dövr üçün olduqca çətin bir məsələnin həlli, Ana Qanunda Azərbaycan dilinə rəsmən dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq və dövlət qarşısında əvəzsiz xidmətlərindən biri idi və sonrakı müstəqillik dövrü üçün tarixi əsaslardan biri hesab olunurdu. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın qəbulu da məhz ulu öndər Heydər Əliyevin birbaşa səyi nəticəsində mümkün oldu.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, ozamankı hakimiyyətin yarıtmaz fəaliyyətinin səbəb olduğu böhran, Ermənistanın işğalçılıq siyasəti müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbuluna imkan vermirdi. SSRİ-dən miras qalmış hüquq sistemində köklü dəyişikliyə ehtiyac vardı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin bərpası yeni qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Belə çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxışlarında ölkəni düşdüyü ağır siyasi-iqtisadi böhrandan çıxarmaqla yanaşı, yeni Konstitusiyanın hazırlanması zəruriliyini də vurğulayırdı. Hər iki prosesi paralel şəkildə aparan ulu öndər Heydər Əliyev bilirdi ki, sabit, təhdidlərdən uzaq vətəndaşların hüquq və azadlıqlarının təmin edildiyi ölkədə qanunun aliliyi əsasdır və bu yeni Konstitusiya ilə təsbit edilməlidir.

Beləliklə, 1995-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni Konstitusiya layihəsi üzərində iş başladı. 1995-ci il mayın 2-də Milli Məclisin qərarına əsasən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə komissiya yaradıldı. Yeni sənəd çox böyük ictimai maraqla qarşılandı, noyabrın 4-dək layihə barədə komissiyaya 2450 təklif daxil oldu. Ümummilli lider Heydər Əliyev bu barədə deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun".

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Həmin il noyabrın 27-də qüvvəyə minən, 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət Ali Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşdü. Yeni Konstitusiyada Azərbaycan respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit olunurdu. Sonrakı mərhələlərdə Konstitusiyanın daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxdı. Bununla bağlı, 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Həmin dövrdən etibarən ölkəmizdə aparılan genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını da məhz Konstitusiya təşkil etdi. Ana Qanunda Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlər əksini tapırdı. 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsindən sonra ölkədə həyata keçirilən mühüm islahatlar üçün də əsas qanunvericilik bazası rolunu məhz Azərbaycan Konstitusiyası oynadı.

Əsas Qanun Azərbaycanın dövlət quruculuğunun hüquqi əsaslarını müəyyən edir. Konstitusiya hüququ sistemi bu hüquq sahəsinin konstitusiya hüququ normaları ilə tənzimlənən ictimai münasibətlərin mövcud vəziyyəti ilə şərtlənən daxili strukturudur. Konstitusiya ilk növbədə dövlətin qanuna tabe olmasını təmin etməsi ilə xarakterizə olunur. Bu Ali Qanuna əsasən Azərbaycan demokratik dövlət kimi insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü müəyyən edir. Dövlətin əsaslarını müəyyən edərkən Konstitusiya ilk növbədə hər bir demokratik dövlətin ayrılmaz atributları olan təsisatlara xüsusi yer ayırır. Bunların içərisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olması, mülkiyyətin toxunulmazlığına təminat, vətəndaşların sosial müdafiəsinin prioritet təşkil etməsi mühüm yer tutur. Məhz bunlara vurğu edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Respublikamızın Ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir". Prezident cənab İlham Əliyevin də dediyi kimi, Konstitusiya ölkəmizdə hüquqi dövlət quruculuğu üçün tələb olunan bütün müddəaları özündə əks etdirir, demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi ölkəmizdə bərqərar olan hüquq sistemi, idarəçilik forması, insan və vətəndaş azadlıqları ilə bağlı ilkin təəssürat yaradır. Hüququn aliliyinin təmin olunduğu Azərbaycan dövlətində vətəndaş cəmiyyətinin qurulması istiqamətində çoxşaxəli fəaliyyət göstərilir, dövlət təsisatları bu sahədə hüququn yaratdığı bütün imkanların vətəndaşların lehinə səfərbər edilməsi üçün tələb olunan qanunvericilik bazasına sahibdir.

Zaman-zaman hüquqi qanunvericilik bazası daha mütərəqqi formada təkmilləşdirilir, vətəndaş-dövlət münasibətlərinin formalaşması üçün tələb olunan əlavə və dəyişikliklər edilir, dünya təcrübəsində bu sahədə ən yaxşı nümunələr diqqətlə nəzərdən keçirilir, vətəndaşyönümlü və insanyönümlü hüquqi bazanın yaradılması üçün möhkəm zəmin hazırlanır. Eyni zamanda ölkəmizdə insan və şəxsiyyət azadlığı qorunur, din dövlətdən ayrıdır, dinlərə qarşı münasibətdə ayrı-seçkilik yoxdur, Azərbaycan multikultural ölkə kimi bütün dünyada azsaylı nümunlərdən birini ortaya qoyur. İdarəetmə sistemindəki tamlıq, vahidlik, qurumlararası əlaqə hüququn tələblərinə və dövlətçilik ənənəsinə əsasən qanunlarla tənzimlənir. Bu isə son nəticədə vətəndaşın hüquq və azadlıqlarının qorunmasına Əsas Qanun çərçivəsində verilən təminata əsaslanır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu strateji hədəf də məhz buna - Ali Qanunumuzun müddəalarının bütün ölkə ərazisində təmininə yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2003-cü ildə ali vəzifəyə seçildiyi dövrdən başlayaraq sistemli şəkildə məhz bu strateji hədəfə yönəlmiş məqsədyönlü fəaliyyəti və 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar tarixi Zəfərimizi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin bərpasını, ölkəmizin sonrakı inkişafının bütün aspektlərini şərtləndirdi. Çünki Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermirdi. Halbuki Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror əməliyyatı bu strateji hədəfin təminində Prezident-Ordu-Xalq həmrəyliyinin ən yaxşı nümunəsini ortaya qoydu. 44 günlük Vətən müharibəsi və ardınca antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi. Bunun məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi. 2024-cü ilin 7 fevralında müstəqilliyin bərpasından sonra bütöv, suveren Azərbaycanda ilk dəfə bütün ölkə ərazisində Prezident seçkisi baş tutdu və xalq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi yenidən Prezident seçdi. 28 iyun 2024-cü ildə ölkə tarixində ilk dəfə suveren Azərbaycan ərazilərində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verildi. Ötən il sentyabrın 1-də keçirilən seçki də ilk dəfə bütün suveren ərazilərimizdə baş tutdu. Beləliklə, suveren və müstəqil Azərbaycanın bütün ərazisində Ali Qanunun - Konstitusiyanın hüquqi qüvvəsi tam təmin edildi.

Suverenliyini və ərazi bütövlüyünü təmin edən Azərbaycan Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq strateji hədəflərə doğru inamla irəliləyir. Buna 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyasından və antiterror əməliyyatından sonra suveren Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıq da zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışını bu baxımdan dəqiq və kamil strategiyaya əsaslanan bütöv konsepsiya adlandırmaq olar. Bu çıxışda qarşıya qoyulan hədəflər, vəzifələr, onların təmini yolları dəqiqliklə göstərilib: "Ölkə qarşısında böyük vəzifələr durur. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi var. Bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar".

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitliyimiz bütün dünya üçün nümunə ola bilər: "Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır. Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. Tarixi Zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib".

Dövlət başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Konstitusiyada təsbit edilən bütün müddəalar təmin olunur. Müstəqil, suveren Azərbaycanda hüququn aliliyinin qarantı olan Konstitusiya dünyada ən nümunəvi qanunlardan biri hesab edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir".


Rüstəm SƏLİMOV,

Azərbaycan Respublikasının

Konstitusiya Məhkəməsi Aparatının

Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri.