Avropa Şurası katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının İnsan Hüquqları üzrə direktoru Kristof Puarelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Xəbərlər

2023 Sep

05.09.2023

Sentyabrın 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının İnsan Hüquqları üzrə direktoru Kristof Puarelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli hüquq əməkdaşlığının davam etdirilməsinin vacibliyi qeyd edilmiş məhkəmə-hüquq sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın əhəmiyyətinə toxunulmuşdur.

Qeyd edilib ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığına xüsusi diqqət yetirərək, qəbul etdiyi bir çox qərarlarında öz hüquqi mövqeyini əsaslandırmaq məqsədilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını Plenumun qərarlarında geniş şəkildə tətbiq etməklə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edir.

Kristof Puarel Avropa Şurasına üzv olan ölkələrin milli məhkəmələri ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə hüquq əməkdaşlığının vacibliyini qeyd etmiş, Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələlərə toxunmuşdur.

Görüş zamanı fikir mübadiləsi aparılmış, məhkəmə-hüquq əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.