Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illik yubileyi geniş qeyd olunub

Xəbərlər

2023 Jul

14.07.2023

İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi tamam olur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.

Yubiley münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iyulun 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Yubiley tədbiri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin inzibati binasında davam etdirilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, yubiley münasibətilə bir sıra tədbirlər keçirilib.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 iyul tarixli Sərəncamı ilə Məhkəmənin hakimləri, məsul əməkdaşları 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif ediliblər. Bu təltiflər Prezidentin Konstitusiya Məhkəməsinin fəaliyyətinə verdiyi qiymətin təzahürüdür və Konstitusiya Məhkəməsi bu etimadı öz fəaliyyəti ilə doğrultmağa çalışacaq.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci ildə qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu yolunda mühüm addımlar atılıb. Hüquqi dövlət quruculuğunda və onun inkişafında Konstitusiya nəzarəti orqanının yaradılmasının zəruriliyini uzaqgörənliklə nəzərə alan Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb.

Fərhad Abdullayev Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim Konstitusiya Məhkəməsinə diqqət və qayğı göstərdiklərini, Məhkəmənin fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd edib.

Sədr bildirib ki, Prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyi ilə əlaqədar təbrik məktubu ünvanlaması və dövlət başçısı tərəfindən Konstitusiya Məhkəməsinin fəaliyyətinin yüksək qiymətləndirilməsi kollektivi ruhlandırır.

Konstitusiya Məhkəməsi Plenumunun bu günə kimi 545 qərar qəbul etdiyini diqqətə çatdıran Fərhad Abdullayev vurğulayıb ki, bu qərarlar hüququn bütün sahələrinə mühüm təsir göstərib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini verən həmin qərarlarda Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər öz əksini tapıb.

Sədr deyib ki, Konstitusiyada təsbit edilmiş Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsində qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır, işlədiyimiz sahə üzrə fəaliyyətimizdə daha əzmlə çalışmağa sövq edir.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Vətənimizin torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ölkəmizin Konstitusiyasında və bir çox beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş bir sıra əsas insan hüquq və azadlıqlarının təmin olunmasına imkan verib.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, müstəqil Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmləndirilməsi, xalqımızın maddi, mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.