14.07.2023
İyulun
14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25
illiyi tamam olur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış
Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.
Yubiley
münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Konstitusiya
Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iyulun 14-də Fəxri
xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad
edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb,
məzarı üzərinə tər çiçəklər düzülüb.
Yubiley
tədbiri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin inzibati binasında
davam etdirilib.
Tədbirdə
çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki,
yubiley münasibətilə bir sıra tədbirlər keçirilib.
Sədr
diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 iyul tarixli Sərəncamı ilə
Məhkəmənin hakimləri, məsul əməkdaşları 2-ci dərəcəli “Vətənə xidmətə görə”,
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, “Tərəqqi” və “Dövlət
qulluğunda fərqlənməyə görə” medalları ilə təltif ediliblər. Bu təltiflər
Prezidentin Konstitusiya Məhkəməsinin fəaliyyətinə verdiyi qiymətin təzahürüdür
və Konstitusiya Məhkəməsi bu etimadı öz fəaliyyəti ilə doğrultmağa çalışacaq.
Vurğulanıb
ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasının 1995-ci ildə qəbulundan sonra ölkəmizdə
hüquqi dövlət quruculuğu yolunda mühüm addımlar atılıb. Hüquqi dövlət
quruculuğunda və onun inkişafında Konstitusiya nəzarəti orqanının
yaradılmasının zəruriliyini uzaqgörənliklə nəzərə alan Ulu Öndərin təşəbbüsü
ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb.
Fərhad
Abdullayev Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim
Konstitusiya Məhkəməsinə diqqət və qayğı göstərdiklərini, Məhkəmənin
fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd edib.
Sədr
bildirib ki, Prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyi ilə
əlaqədar təbrik məktubu ünvanlaması və dövlət başçısı tərəfindən Konstitusiya
Məhkəməsinin fəaliyyətinin yüksək qiymətləndirilməsi kollektivi ruhlandırır.
Konstitusiya
Məhkəməsi Plenumunun bu günə kimi 545 qərar qəbul etdiyini diqqətə çatdıran
Fərhad Abdullayev vurğulayıb ki, bu qərarlar hüququn bütün sahələrinə mühüm
təsir göstərib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini verən həmin qərarlarda
Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər öz
əksini tapıb.
Sədr deyib
ki, Konstitusiyada təsbit edilmiş Azərbaycanın ərazi bütövlüyünün bərpası
uğrunda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əzəli
torpaqlarımızın işğaldan azad edilməsində qazanılan tarixi Qələbə hər birimizi
qürurlandırır, işlədiyimiz sahə üzrə fəaliyyətimizdə daha əzmlə çalışmağa sövq
edir.
Bildirilib
ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə ölkəmizin
ərazi bütövlüyünü bərpa edib. Vətənimizin torpaqlarının Ermənistan silahlı
qüvvələrinin işğalından azad edilməsi ölkəmizin Konstitusiyasında və bir çox
beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş bir sıra əsas insan hüquq və
azadlıqlarının təmin olunmasına imkan verib.
Vurğulanıb
ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi,
insan hüquq və azadlıqlarının qorunması, müstəqil Azərbaycanın Əsas Qanunu olan
Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin
möhkəmləndirilməsi, xalqımızın maddi, mənəvi rifahının daha da
yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi
mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən vəzifələri bundan sonra da
layiqincə yerinə yetirməyə çalışacaq.