Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Koreya Respublikasında beynəlxalq simpoziumda iştirak edib

Xəbərlər

2023 Jun

05.06.2023

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Seul şəhərinə rəsmi səfər etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri  Namseok Yoonun dəvəti ilə 29 may - 2 iyun tarixlərində “Məhkəməyə əlçatanlıq: konstitusiya perspektivləri” mövzusunda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının çərçivəsində keçirilən Beynəlxalq Simpoziumda iştirak etmək məqsədilə Seul şəhərində səfərdə olmuşdur.

Asiya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş beynəlxalq tədbirdə ədalət mühakiməsinə fərdi əlçatanlıq imkanlarının təkmilləşdirilməsi, müasir texnologiyalardan istifadə və hüquqi yardım, konstitusiya nəzarəti orqanları tərəfindən təmin edilən qanun qarşısında bərabərlik prinsipi, ədalətli mühakimə hüququ, habelə Konstitusiya Məhkəmələrinə təqdim edilən şikayətlərin icraata qəbul edilməsinin hüquqi meyarları ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır. 

Tədbirlərdə Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak etmişdir.

Səfər çərçivəsində Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 may Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Koreya Respublikasında Səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə iştirak etmişdir.