05.06.2023
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Seul şəhərinə rəsmi səfər
etmişdir.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq
etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri
Namseok Yoonun dəvəti ilə 29 may - 2 iyun tarixlərində “Məhkəməyə əlçatanlıq:
konstitusiya perspektivləri” mövzusunda Asiya Konstitusiya Məhkəmələri və
Ekvivalent İnstitutlar Assosiasiyasının çərçivəsində keçirilən Beynəlxalq
Simpoziumda iştirak etmək məqsədilə Seul şəhərində səfərdə olmuşdur.
Asiya
ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətlərinin
iştirakı ilə keçirilmiş beynəlxalq tədbirdə ədalət mühakiməsinə fərdi əlçatanlıq
imkanlarının təkmilləşdirilməsi, müasir texnologiyalardan istifadə və hüquqi
yardım, konstitusiya nəzarəti orqanları tərəfindən təmin edilən qanun
qarşısında bərabərlik prinsipi, ədalətli mühakimə hüququ, habelə Konstitusiya Məhkəmələrinə
təqdim edilən şikayətlərin icraata qəbul edilməsinin hüquqi meyarları ilə bağlı
ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Tədbirlərdə
Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Ramin Həsənov iştirak etmişdir.
Səfər
çərçivəsində Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyi və 28 may Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının
Koreya Respublikasında Səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə iştirak
etmişdir.