Heydər Əliyev: Huquqi Dövlətin Banisi

Xəbərlər

2023 Apr

19.04.2023

1993-cü ildə xalqın təkidli xahişi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev iyunun 15-də Milli Məclisdə proqram xarakteli çıxışında müstəqil Azərbaycanın gələcək inkişafının əsas istiqamətləri kimi demokratik dövlət qurucu­luğunu, azad iqtisadiyyatı və qanunun aliliyini vacib şərtlər olaraq irəli sürürdü. Həmin ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə 1991-ci il­də qəbul olunmuş Dövlət Müstəqilliyi Aktında əks olunan ideya və prinsiplərin gerçəkləşmə­si üçün real zəmin yarandı. Heydər Əliyev dövlət başçısı olduğu on il ərzində Azərbaycanın hüquq islahatlarının banisi kimi missiyanı şərəflə yerinə yetirdi.

Ulu öndərin rəhbərliyi ilə ölkəmiz­də həyata keçirilən hüquqi islahatları iki mərhələyə bölmək olar. Birinci mərhələdə siyasi və hüquqi islahatla­rın konsepsiyası işlənib hazırlandı və həyata keçirildi. Bu mərhələnin məq­sədi dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan ide­ya və prinsiplərin əsasında işlək siya­si-hüquqi mexanizmin yaradılması idi. Təbii ki, həmin mexanizmin təmə­lində müstəqil dövlətin yeni konstitu­siyası durmalı idi. 1995-ci il mayın 2-də Konstitusiya Komissiyası yaradıl­dı. Prezident Heydər Əliyevin rəhbər­lik etdiyi Komissiyanın və işçi Qrupu­nun tərkibinə ali və mərkəzi dövlət hakimiyyəti orqanlarının nümayəndə­ləri ilə yanaşı, ictimai xadimlər, elm adamları da daxil idi. Dövlət başçısı Konstitusiya layihəsinin müzakirələri­nə şəxsən rəhbərlik etmiş, təklif və iradların incələnməsinə, geniş icti­maiyyətin bu prosesdən kənarda qal­mamasına şərait yaratmışdı.

1995-ci il noyabrın 12-də ümum­milli liderin təşəbbüsü və gərgin fəa­liyyəti nəticəsində müstəqil Azərbay­canın Konstitusiyası qəbul olundu. Demokratik cəmiyyətin qurulması, fəaliyyəti və inkişafı üçün bütün müd­dəaları özündə əks etdirən yeni Kon­stitusiya Azərbaycanda hüquqi döv­lətin təməlini qoymaqla yanaşı, hü­quqi islahatların ikinci mərhələsinin aparılmasına etibarlı zəmin yaradırdı.

Konstitusiyada müəyyən edilmiş norma və prinsiplərə uyğun hüquqi sistemin formalaşmasına hədəflənən islahatların ikinci mərhələsi məzmun baxımından iki istiqaməti əhatə edir­di. Onlardan birincisi, insan hüquq və azadlıqlarının, qanunçuluq və hüquq qaydasının səmərəli müdafiəsi üçün zəruri olan təsisatların, ikincisi isə həmin təsisatların işini effektiv edə­cək qanunvericilik bazasının yaradıl­ması idi.

İslahatların ikinci mərhələsini uğurla həyata keçirmək üçün 1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Hüquqi isla­hatlar Komissiyası yaradıldı. İşə baş­lamazdan əvvəl Komissiya hüquqi is­lahatların prioritetlərini özündə müəy­yən etdi. Komissiyanın işi qanunların və digər normativ hüquqi aktların ha­zırlanması, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin yenidən qurulması, əhalinin hüquq düşüncə­sinin və cəmiyyətin hüquq mədəniy­yətinin səviyyəsinin yüksəldilməsi, hüquqi informasiyanın axtarılması və istifadəsi sisteminin təkmilləşdirilmə­si kimi tədbirləri ehtiva etməli idi. Bu­nunla da, ölkəmizin hüquq sistemin­də Sovet ittifaqından miras qalmış prinsip, norma və institutlar aradan qaldırılmalı, mütərəqqi inkişafa və beynəlxalq aləmə hüquqi inteqrasiya prosesi güclənməli idi.

Komissiya tərəfindən hazırlanmış ilk əhəmiyyətli normativ aktlar kimi 1997-ci ildə qəbul olunan "Məhkə­mələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar xüsusilə qeyd olunmalıdır. Bu qanunlar məhkəmə sisteminin qurulmasına və işə başlamasına şə­rait yaratdı, həmçinin 1995-ci il Kon­stitusiyasının əsas institutlarından bi­ri kimi konstitusiya nəzarəti institutu­nu işlək mexanizmə çevirdi. "Məhkə­mələr və hakimlər haqqında" qanun ümumi və ixtisaslaşdırılmış məhkə­mə orqanlarının yeni sisteminin təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyi­nin təmin edilməsi, insan hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatlarının gücləndirilməsi, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etdi.

"Konstitusiya Məhkəməsi haqqın­da" qanun isə ölkəmizin məhkəmə sistemində tamamilə yeni bir orqanın - başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin təşkili və fəaliyyəti üçün mühüm hüquqi baza oldu. Həmin qanunla Məhkəmənin konstitusion səlahiyyətləri bir daha təsdiq olundu və göstərildi ki, onun əsas funksiyaları qanunların və digər normativ aktların, Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, beynəlxalq müqavilələrin Konstitusi­yaya uyğunluğunun yoxlanılması, Konstitusiyanın və qanunların şərh edilməsi, qanunvericilik, icra və məh­kəmə hakimiyyətləri arasında səla­hiyyətlər bölgüsü ilə bağlı mübahisə­lərin həll edilməsindən ibarət olmalı­dır. Bu qanun, dünyada, ilk növbədə, Avropa ölkələrində formalaşmış mü­tərəqqi hüquqi təcrübəni mənimsə­məklə, ölkəmizdə konstitusiya nəza­rəti orqanının təşkili və fəaliyyətinin əsaslarını, Konstitusiya Məhkəməsi hakimlərinin statusunu, Konstitusiya Məhkəməsində icraatın prinsiplərini, habelə ayrı-ayrı icraat növlərinin hə­yata keçirilməsi qaydalarını müəyyən etdi.

1997-ci ildə qəbul edilmiş "Məh­kəmələr və hakimlər haqqında" Qa­nunla üçpilləli müstəqil məhkəmə sistemi təsbit olunduqdan və müha­kimə icraatının ümumi prinsipləri, standartları müəyyən edildikdən son­ra qarşıda dayanan digər mühüm və­zifə hazırlıqlı və peşəkar hakimlər korpusunun formalaşdırılmasından ibarət idi. Bu məqsədlə, 1 dekabr 1998-ci ildə Azərbaycan Respublika­sı Prezidenti yanında Məhkəmə-Hü­quq Şurası yaradıldı və ilk dəfə ola­raq hakimlərin test üsulu ilə seçilmə­sinə dair qərar qəbul edildi. Qısa müddət ərzində aparılan lazımi hazır­lıq, texniki, təşkilati problemlərin həl­lindən sonra 2000-ci ildə ilk dəfə ye­ni sistem üzrə hakimlərin seçilməsi və məhkəmə orqanlarının komplekt­ləşdirilməsi həyata keçirildi. Hakimlə­rin seçimi üzrə keçirilmiş şəffaf mü­sabiqə nəticəsində əvvəlki hakim korpusunun 60 faizə qədəri yenilən­di, 2000-ci ilin sentyabr ayından yeni üçpilləli məhkəmə sisteminin fəaliy­yətə başlamasına şərait yaradıldı.

Məlum olduğu kimi, istənilən məh­kəmə-hüquq islahatının əsas məz­munu təkcə məhkəmə quruluşu və mühakimə icraatının təkmilləşdirilməsini deyil, eyni zamanda məhkəmə­lərlə əlaqəli olan hüquq-mühafizə or­qanları sisteminin yenidən qurulma­sını da tələb edir. Ötən əsrin sonun­da postsovet məkanında ən çox mü­zakirə olunan məsələlərdən biri köh­nə sovet prokurorluğunun islah edil­məsi və onun sırf dövlət maraqlarına xidmət edən qurumdan insan hüquq­larını və azadlıqlarını, demokratik, hüquqi dövlət dəyərlərini mühafizə edən orqana çevrilməsi yolları barə­də idi.

1999-cu ildə qəbul edilən "Proku­rorluq haqqında" qanunla prokurorlu­ğun yeni sosial-iqtisadi münasibətlə­rin inkişafına mane olan bir sıra funk­siyaları - məhkəmələr üzərində nəza­rət və ümumi nəzarət funksiyaları ləğv olundu, həmçinin onun mülki iş­lərə müdaxilə etməsi imkanları da məhdudlaşdırıldı. Digər tərəfdən, in­san hüquq və azadlıqlarının qorun­ması baxımından həssas olan bir sıra əməliyyat-axtarış tədbirlərinin və pro­sessual hərəkətlərin prokurorun san­ksiyası ilə həyata keçirilməsi qaydası da ləğv edildi, onun yerinə müvafiq tədbirlərin və hərəkətlərin qanunla müəyyən edilmiş hallarda və qayda­da yalnız məhkəmənin qərarına əsa­sən yol verilməsi müəyyən olundu. Təbii ki, müstəqil Azərbaycanın qa­nunvericiliyində ilk dəfə olaraq ölkə­mizin məhkəmə hakimiyyəti siste­mində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiy­yət dairəsi və vəzifələrinin qanunve­ricilik qaydasında təsbit edilməsi də Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi.

Prokurorluq orqanları ilə yanaşı, polis və penitensiar xidmət orqanla­rında da eyni istiqamətdə islahatlar aparıldı. Belə ki, prokurorluq haqqın­da qanunla eyni vaxtda, yəni 1999-cu ildə polisin fəaliyyətində insan hü­quq və azadlıqlarını təmin etmək məqsədilə "Polis haqqında" qanun qəbul edildi. Bu qanuna görə, polis orqanlarının əsas vəzifəsi ictimai qaydanın qorunması, ictimai təhlükə­sizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyət gös­tərməkdən ibarət olmalıdır. Qanunla polis fəaliyyəti üzərində nəzarət me­xanizmləri təsis edildi, polis əmək­daşlarının hüquqazidd hərəkətlərin­dən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olun­du. Keçmiş SSRi respublikaları ara­sında ilk dəfə ölkəmizdə cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları Daxili işlər Nazirliyinin tərkibindən çı­xarılaraq Ədliyyə Nazirliyinin tabeliyi­nə verildi. 1995-ci Konstitusiyası qə­bul edildikdən sonra isə məhkəmə qərarlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən məhkəmə icraçıları xid­məti yaradıldı. Bununla bağlı ayrıca qanun 1999-cu ildə qəbul edildi.

Məhkəmə-hüquq islahatlarının çoxcəhətliliyi və çoxistiqamətliliyi təkcə müvafiq dövlət orqanlarının və idarələrinin deyil, eyni zamanda əda­lət mühakiməsi sahəsində fəaliyyət göstərən, şəxsiyyətin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olan qurumların statusu­nun nizamlanmasını da tələb edirdi. Buna görə də, ümummilli lider Hey­dər Əliyevin rəhbərliyi ilə həyata ke­çirilən hüquqi islahatlar çərçivəsin­də, yuxarıda qeyd olunan vacib nor­mativ aktlarla birlikdə, yeni "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanu­nun qəbulu zərurətə çevrildi. Həmin qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istin­taqda və təhqi­qatda öz hüquq və mənafeləri­nin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəki­lə müraciət etmə­sinə, tutulduğu, həbsə alındığı, ci­nayət törədilməsin­də ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hü­quqi şəxslərin hüquq­larının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksəkkeyfiyyətli hüquqi yar­dım göstərilməsinə imkan yaratdı. Digər tərəfdən, öl­kəmizdə aparılan hüquqi islahatlar çərçivəsində döv­lət və yerli özünüidarə or­qanları, vəzifəli şəxslər tərə­findən pozulan insan hüquq­ları və azadlıqlarının bərpa edilməsinə də xüsusi diqqət ayrılmağa başlandı. Bununla bağlı müstəqil məhkəmə haki­miyyətinin gücləndirilməsilə ya­naşı, mütərəqqi məhkəmədənkənar mexanizmlərin qurulması­na da şərait yaradıldı. Belə mexanizmlərdən biri ombudsman tə­sisatı idi. Təsisatın statusu və sə­lahiyyətlərinin tam və hərtərəfli müəyyən olunması məqsədilə 2001-ci ildə Azərbaycan Respubli­kasının insan hüquqları üzrə müvəkkilli (ombudsman) haqqında Konsti­tusiya qanunu qəbul edildi. Bununla da demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan bu ins­titut ölkəmizdə qeyri-məhkəmə mü­dafiə mexanizmi kimi fəaliyyət gös­tərməli və bütövlükdə insan hüquq­larının güclü təminatçılarından biri ki­mi çıxış etməli idi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mühüm tərkib hissələ­rindən biri də hüquq sisteminin fəa­liyyət göstərməsi üçün ictimai müna­sibətlərin müxtəlif sahələrini əhatə edən mühüm qanunvericilik aktları­nın hazırlanması və qəbul edilməsi idi. Bu istiqamətdə qısa müddət ər­zində Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, Ailə, inzibati Xətalar, Gömrük, Vergi və di­gər Məcəllələri, "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliy­yəti haqqında", "Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanları­nın qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödə­nilməsi haqqında", "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şika­yət edilməsi haqqında" və digər qa­nun layihələri hazırlanaraq hüquq ic­timaiyyətinin müzakirəsinə təqdim olundu. Həmin qanunvericilik aktları­nın layihələrinin müzakirəsi təkcə əlaqədar qurum və təşkilatların deyil, müvafiq sahəvi mütəxəssislərin, hüquqşünas-alimlərin iştirakı ilə gərgin müzakirələr və fikir mübadiləsi şərai­tində keçirilirdi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, mühüm nor­mativ sənədlərin hazırlanması və qə­bulu prosesinə nüfuzlu beynəlxalq təşkilatların ekspertləri, elm ocaqları­nın nümayəndələri geniş surətdə cəlb olunurdu. Bu prosesə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cüm lədən Avropa Şurası və ATƏT qatılır­dı.

Bu, Azərbaycanın ümumavropa hüquq məkanına inteqrasiyasına və Avropa Şurasına tamhüquqlu üzvlüyünə gedən prosesə dəyərli töhfə idi. Ölkəmizin hüquq sistemindəki mütə­rəqqi dəyişikliklərin nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa insan Hüquqları Konvensiyasına qoşuldu və bununla da, Avropa insan Hüquqları Məhkə­məsinin yurisdiksiyasını qəbul etdi. Bütün bunlar Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi, milli qanunvericiliyin təkmil­ləşdirilməsi prosesini daha da sürət­ləndirdi, sosial-iqtisadi, mədəni inkişaf üçün əlverişli şəraitin yaradılma­sı, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılma­sı, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının möhkəmləndirilməsi üçün əsas oldu.

Avropa Şurasına üzv qəbul edil­dikdən sonra qısa müddət ərzində Azərbaycan digər mühüm Avropa Konvensiyalarına da qoşuldu. Qeyd etmək lazımdır ki, bu dövrdə ümu- mavropa hüquqi məkanı çərçivəsin­də başlanmış sıx əməkdaşlıq, həmçi­nin Avropa Şurasının müxtəlif qurum və təşkilatlarını da  Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu­nu (GRECO), Avropa Şurasının Ve­nesiya Komissiyasını, Avropada irq­çilik və Dözümsüzlüyə Qarşı Komis­siyanı (ECRi) əhatə etdi. Görülən sə­mərəli təşkilati-hüquqi tədbirlər nəti­cəsində həmin qurumlar və təşkilatlarla uzunmüddətli əməkdaşlığın əsası qoyuldu.

İnsan hüquq və azadlıqlarının tə­min olunması sahəsində atılan bey­nəlxalq hüquqi addımlarla yanaşı, onlara müvafiq milli hüquqi tədbirlər planı da hazırlanmalı idi. Prezident Heydər Əliyevin imzaladığı 1998-ci il 22 fevral tarixli "İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair" fər­manı və "İnsan hüquqlarının müda­fiəsinə dair Dövlət Proqramı"nın təs­diq olunması barədə 1998-ci il 18 iyun tarixli sərəncamı ölkəmizdə in­san hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını sürətləndirdi. Bu fər­man Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin insan Hüquqlarına dair Ümumi Bəyannaməsinin qəbul edil­məsinin 50 illiyi ərəfəsində ölkəmiz­də demokratiyanın daha da inkişaf etdirilməsi və insan hüquqlarını qoru­maq sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə respublikanın ali dövlət hakimiyyəti orqanları­na, insan hüquqları üzrə müvəkkilə (ombudsmana) bir sıra tövsiyələr və tapşırıqlar verirdi.

Dövlətin öz üzərinə götürdüyü mühüm beynəlxalq hüquqi öhdəliklə­rin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər sırasında 2002-ci il avqustun 24-də keçirilmiş referen­dum nəticəsində Konstitusiyaya də­yişikliklərin edilməsi, habelə "Azər­baycan Respublikasında insan hü­quq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununun qəbul edilməsi xüsusilə qeyd olunmalıdır. Bu tədbirlərin həyata keçirilməsinin əsas qayəsi ölkəmizin Avropa Şurası qar­şısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, insan hüquqlarının daha etibarlı milli təminatı mexanizminin yaradılması, məhkəmə islahatları ilə bağlı dəyişikliklərin daha da möhkəmləndirilməsi, dövlət idarəçiliyi sis­teminin hakimiyyət bölgüsü prinsipinin tələblərinə uyğunlaşdırılması, dövlətin idarə edilməsi prosesinin optimallaşdırılması ilə bağlı olmuş­dur. Referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişiklik­lərdən ən vacib olanları hər kəsin məhkəmə müdafiəsi hüququnun möhkəmləndirilməsi, Ombudsmanın Konstitusiya Məhkəməsinə müraciət etmək səlahiyyətlərinin, eləcə də sı­ravi vətəndaşların pozulmuş konsti­tusion hüquq və azadlıqlarının təmin olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etməsi imkanlarının təsbitindən ibarət idi. Bununla, Konstitusiya Məhkəməsinin səlahiy­yətləri genişləndi, onun Konstitusiya­nın hüquqi mühafizəsi sistemində əhəmiyyəti artmış oldu. Digər tərəf­dən, 2002-ci il sentyabrın 19-da qüv­vəyə minmiş "Azərbaycan Respubli­kasının Konstitusiyasında dəyişiklik­lər edilməsi haqqında" referendum aktına əsasən, qanunçuluq və hüquq qaydasının təmin edilməsində mü­hüm rol oynayan prokurorluğa da di­gər dövlət orqanları ilə yanaşı, qanunvericilik təşəbbüsü hüququ veril­di.

İnsan hüquqlarına dair milli norma və standartların Avropa insan hüquq­ları Konvensiyasına uyğunlaşdırılma­sı məqsədilə 2002-ci ilin dekabrında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanunu da qəbul edildi. Həmin qanun ölkəmizdə əsas hüquq və azadlıqların təsbitini möhkəmləndirməklə yanaşı, onların realizəsi üçün mühüm mexanizmləri də müəy­yənləşdirmiş oldu.

İslahatların səmərəliliyini və sonrakı dövrlər üçün əhəmiyyətini gös­tərən mühüm xüsusiyyətlərdən biri məhkəmə-hüquq sisteminin humanistləşdirilməsi meyli idi. Bunun əsas göstəricilərindən biri kimi 1995-ci ildən etibarən amnistiya və əfvetmə institutlarının geniş şəkildə tətbiqidir.

İlk dövrdə respublikamızda amnis­tiya ilə bağlı xüsusi qanunvericilik ak­tı olmasa da, Heydər Əliyevin qanun­vericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi amnistiya qə­rarları layihələri xüsusi ictimai təhlü­kə kəsb etməyən məhkumların azad­lığa buraxılmaları təmin edirdi. Bütöv­lükdə, 1995-2003-cü illərdə dövlət başçısının təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi yeddi "Amnistiya haqqın­da" qərar 60 mindən artıq şəxsə şa­mil edilmişdi.

Humanizm, insan hüquq və azad­lıqlarının təmin edilməsi dövlətimizin ölüm hökmünün təyini və icrası mə­sələlərinə münasibətdə də öz əksini tapıb. Hüquq islahatlarının başlanğıc fazasında ölüm hökmünün icrası üzərində moratorium qoyulmuş, da­ha sonra isə qanunla onun tətbiqinin əsasları əhəmiyyətli dərəcədə məh­dudlaşdırılmışdı. Azərbaycan Res­publikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə müraciət əsasında qəbul edilmiş "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" 10 fevral 1998-ci il tarixli qanunla ölüm hökmü tamamilə ləğv edilmişdir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquqi islahatların ikinci mərhələsində demokratik əda­lət mühakiməsi prinsiplərinə əsasla­nan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqla­rı üzrə müvəkkil kimi yeni təsisatların yaradılması ilə yanaşı, mövcud hü­quq-mühafizə sistemi fəaliyyəti təkmilləşdirildi, insan hüquqlarının təmi­ni sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırıldı. Eyni zaman­da, beynəlxalq hüquqi prinsiplərə və hüquqyaratmanın müasir, mütərəqqi tələblərinə uyğun qanunlar və məcəllələr də qəbul edildi. Başqa sözlə, sistemlilik və kompleksli yanaşma aparılmış islahatların əsas, başlıca məziyyətlərindən biri oldu.

Hüquqi islahatların mühüm xüsu­siyyətlərindən biri də onların geniş ic­timai müzakirələrlə müşayiət olun­masıdır. Təsadüfi deyil ki, bütün əhə­miyyətli, fundamental qanunvericilik aktları müvafiq dövlət orqanları ilə yanaşı, ictimaiyyətin, kütləvi informa­siya vasitələri, qeyri-hökumət təşki­latları nümayəndələrinin iştirakı ilə təşkil edilən müzakirələrdə nəzərdən keçirilmiş, onların məzmunu ilə bağlı fikir mübadilələri aparılmışdır. Bu gü­nün özündə də həmin mütərəqqi ənənə davam edir, ictimaiyyəti nara­hat edən hüquqi problemlərlə bağlı səlahiyyətli dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndə­ləri ilə hüquqşünas-alimlərin vaxtaşı­rı görüşləri keçirilir.

Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycanın demokratik və hüquqi dövlətçilik standartlarına ca­vab verən məhkəmə və hüquq sis­temləri qurulmuşdur. Aparılan isla­hatların səmərəliliyinin, gərgin əmə­yin bəhrəsinin əsas göstəricilərindən biri bu yolun uğurla davamıdır. Ümummilli lider Heydər Əliyev tərə­findən başlanılan məhkəmə-hüquq islahatları prosesi Azərbaycan Res­publikasının Prezidenti möhtərəm ilham Əliyevin müəyyən etdiyi siyasi kurs çərçivəsində ardıcıllıqla və mü­vəffəqiyyətlə davam etdirilir.

 

Rövşən İSMAYILOV,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi,

Əməkdar hüquqşünas.