19.04.2023
1993-cü ildə xalqın təkidli
xahişi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev iyunun 15-də Milli Məclisdə
proqram xarakteli çıxışında müstəqil Azərbaycanın gələcək inkişafının əsas
istiqamətləri kimi demokratik dövlət quruculuğunu, azad iqtisadiyyatı və
qanunun aliliyini vacib şərtlər olaraq irəli sürürdü. Həmin ilin oktyabrında
Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə 1991-ci ildə
qəbul olunmuş Dövlət Müstəqilliyi Aktında əks olunan ideya və prinsiplərin gerçəkləşməsi
üçün real zəmin yarandı. Heydər Əliyev dövlət başçısı olduğu on il ərzində Azərbaycanın
hüquq islahatlarının banisi kimi missiyanı şərəflə yerinə yetirdi.
Ulu
öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatları iki mərhələyə
bölmək olar. Birinci mərhələdə siyasi və hüquqi islahatların konsepsiyası işlənib
hazırlandı və həyata keçirildi. Bu mərhələnin məqsədi dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktında əks olunan ideya və prinsiplərin əsasında işlək
siyasi-hüquqi mexanizmin yaradılması idi. Təbii ki, həmin mexanizmin təməlində
müstəqil dövlətin yeni konstitusiyası durmalı idi. 1995-ci il mayın 2-də
Konstitusiya Komissiyası yaradıldı. Prezident Heydər Əliyevin rəhbərlik
etdiyi Komissiyanın və işçi Qrupunun tərkibinə ali və mərkəzi dövlət hakimiyyəti
orqanlarının nümayəndələri ilə yanaşı, ictimai xadimlər, elm adamları da daxil
idi. Dövlət başçısı Konstitusiya layihəsinin müzakirələrinə şəxsən rəhbərlik
etmiş, təklif və iradların incələnməsinə, geniş ictimaiyyətin bu prosesdən kənarda
qalmamasına şərait yaratmışdı.
1995-ci
il noyabrın 12-də ümummilli liderin təşəbbüsü və gərgin fəaliyyəti nəticəsində
müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Demokratik cəmiyyətin
qurulması, fəaliyyəti və inkişafı üçün bütün müddəaları özündə əks etdirən
yeni Konstitusiya Azərbaycanda hüquqi dövlətin təməlini qoymaqla yanaşı, hüquqi
islahatların ikinci mərhələsinin aparılmasına etibarlı zəmin yaradırdı.
Konstitusiyada
müəyyən edilmiş norma və prinsiplərə uyğun hüquqi sistemin formalaşmasına hədəflənən
islahatların ikinci mərhələsi məzmun baxımından iki istiqaməti əhatə edirdi.
Onlardan birincisi, insan hüquq və azadlıqlarının, qanunçuluq və hüquq
qaydasının səmərəli müdafiəsi üçün zəruri olan təsisatların, ikincisi isə həmin
təsisatların işini effektiv edəcək qanunvericilik bazasının yaradılması idi.
İslahatların ikinci mərhələsini uğurla həyata keçirmək
üçün 1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Hüquqi
islahatlar Komissiyası yaradıldı. İşə başlamazdan əvvəl Komissiya hüquqi islahatların
prioritetlərini özündə müəyyən etdi. Komissiyanın işi qanunların və digər
normativ hüquqi aktların hazırlanması, məhkəmə və bütövlükdə hüquq-mühafizə
sisteminin yenidən qurulması, əhalinin hüquq düşüncəsinin və cəmiyyətin hüquq
mədəniyyətinin səviyyəsinin yüksəldilməsi, hüquqi informasiyanın axtarılması və
istifadəsi sisteminin təkmilləşdirilməsi kimi tədbirləri ehtiva etməli idi. Bununla
da, ölkəmizin hüquq sistemində Sovet ittifaqından miras qalmış prinsip, norma
və institutlar aradan qaldırılmalı, mütərəqqi inkişafa və beynəlxalq aləmə
hüquqi inteqrasiya prosesi güclənməli idi.
Komissiya
tərəfindən hazırlanmış ilk əhəmiyyətli normativ aktlar kimi 1997-ci ildə qəbul
olunan "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi
haqqında" qanunlar xüsusilə qeyd olunmalıdır. Bu qanunlar məhkəmə
sisteminin qurulmasına və işə başlamasına şərait yaratdı, həmçinin 1995-ci il
Konstitusiyasının əsas institutlarından biri kimi konstitusiya nəzarəti
institutunu işlək mexanizmə çevirdi. "Məhkəmələr və hakimlər
haqqında" qanun ümumi və ixtisaslaşdırılmış məhkəmə orqanlarının yeni
sisteminin təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyinin
təmin edilməsi, insan hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatlarının
gücləndirilməsi, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq
standartlara uyğunlaşdırılmasını təmin etdi.
"Konstitusiya
Məhkəməsi haqqında" qanun isə ölkəmizin məhkəmə sistemində tamamilə yeni
bir orqanın - başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının
aliliyinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin təşkili və
fəaliyyəti üçün mühüm hüquqi baza oldu. Həmin qanunla Məhkəmənin konstitusion səlahiyyətləri
bir daha təsdiq olundu və göstərildi ki, onun əsas funksiyaları qanunların
və digər normativ aktların, Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının,
beynəlxalq müqavilələrin Konstitusiyaya uyğunluğunun yoxlanılması,
Konstitusiyanın və qanunların şərh edilməsi, qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll
edilməsindən ibarət olmalıdır. Bu qanun, dünyada, ilk növbədə, Avropa ölkələrində
formalaşmış mütərəqqi hüquqi təcrübəni mənimsəməklə, ölkəmizdə konstitusiya nəzarəti
orqanının təşkili və fəaliyyətinin əsaslarını, Konstitusiya Məhkəməsi hakimlərinin
statusunu, Konstitusiya Məhkəməsində icraatın prinsiplərini, habelə ayrı-ayrı
icraat növlərinin həyata keçirilməsi qaydalarını müəyyən etdi.
1997-ci
ildə qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" Qanunla üçpilləli
müstəqil məhkəmə sistemi təsbit olunduqdan və mühakimə icraatının ümumi
prinsipləri, standartları müəyyən edildikdən sonra qarşıda dayanan digər mühüm
vəzifə hazırlıqlı və peşəkar hakimlər korpusunun formalaşdırılmasından ibarət
idi. Bu məqsədlə, 1 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti
yanında Məhkəmə-Hüquq Şurası yaradıldı və ilk dəfə olaraq hakimlərin test
üsulu ilə seçilməsinə dair qərar qəbul edildi. Qısa müddət ərzində aparılan
lazımi hazırlıq, texniki, təşkilati problemlərin həllindən sonra 2000-ci ildə
ilk dəfə yeni sistem üzrə hakimlərin seçilməsi və məhkəmə orqanlarının
komplektləşdirilməsi həyata keçirildi. Hakimlərin seçimi üzrə keçirilmiş şəffaf
müsabiqə nəticəsində əvvəlki hakim korpusunun 60 faizə qədəri yeniləndi,
2000-ci ilin sentyabr ayından yeni üçpilləli məhkəmə sisteminin fəaliyyətə
başlamasına şərait yaradıldı.
Məlum
olduğu kimi, istənilən məhkəmə-hüquq islahatının əsas məzmunu təkcə məhkəmə
quruluşu və mühakimə icraatının təkmilləşdirilməsini deyil, eyni zamanda məhkəmələrlə
əlaqəli olan hüquq-mühafizə orqanları sisteminin yenidən qurulmasını da tələb
edir. Ötən əsrin sonunda postsovet məkanında ən çox müzakirə olunan məsələlərdən
biri köhnə sovet prokurorluğunun islah edilməsi və onun sırf dövlət
maraqlarına xidmət edən qurumdan insan hüquqlarını və azadlıqlarını,
demokratik, hüquqi dövlət dəyərlərini mühafizə edən orqana çevrilməsi yolları
barədə idi.
1999-cu
ildə qəbul edilən "Prokurorluq haqqında" qanunla prokurorluğun yeni
sosial-iqtisadi münasibətlərin inkişafına mane olan bir sıra funksiyaları - məhkəmələr
üzərində nəzarət və ümumi nəzarət funksiyaları ləğv olundu, həmçinin onun
mülki işlərə müdaxilə etməsi imkanları da məhdudlaşdırıldı. Digər tərəfdən, insan
hüquq və azadlıqlarının qorunması baxımından həssas olan bir sıra əməliyyat-axtarış
tədbirlərinin və prosessual hərəkətlərin prokurorun sanksiyası ilə həyata
keçirilməsi qaydası da ləğv edildi, onun yerinə müvafiq tədbirlərin və hərəkətlərin
qanunla müəyyən edilmiş hallarda və qaydada yalnız məhkəmənin qərarına əsasən
yol verilməsi müəyyən olundu. Təbii ki, müstəqil Azərbaycanın qanunvericiliyində
ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun
layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət
prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit
edilməsi də Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi
idi.
Prokurorluq
orqanları ilə yanaşı, polis və penitensiar xidmət orqanlarında da eyni istiqamətdə
islahatlar aparıldı. Belə ki, prokurorluq haqqında qanunla eyni vaxtda, yəni
1999-cu ildə polisin fəaliyyətində insan hüquq və azadlıqlarını təmin etmək məqsədilə
"Polis haqqında" qanun qəbul edildi. Bu qanuna görə,
polis orqanlarının əsas vəzifəsi ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin
təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və
onların açılması, habelə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
istiqamətində fəaliyyət göstərməkdən ibarət olmalıdır. Qanunla polis fəaliyyəti
üzərində nəzarət mexanizmləri təsis edildi, polis əməkdaşlarının hüquqazidd hərəkətlərindən
və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olundu. Keçmiş SSRi
respublikaları arasında ilk dəfə ölkəmizdə cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları
Daxili işlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin
tabeliyinə verildi. 1995-ci Konstitusiyası qəbul edildikdən sonra isə məhkəmə
qərarlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar
olmayan cəzaların icrasını təmin edən məhkəmə icraçıları xidməti yaradıldı.
Bununla bağlı ayrıca qanun 1999-cu ildə qəbul edildi.
Məhkəmə-hüquq
islahatlarının çoxcəhətliliyi və çoxistiqamətliliyi təkcə müvafiq dövlət
orqanlarının və idarələrinin deyil, eyni zamanda ədalət mühakiməsi sahəsində fəaliyyət
göstərən, şəxsiyyətin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə məşğul
olan qurumların statusunun nizamlanmasını da tələb edirdi. Buna görə də,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi
islahatlar çərçivəsində, yuxarıda qeyd olunan vacib normativ aktlarla birlikdə,
yeni "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun qəbulu zərurətə
çevrildi. Həmin qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və
təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi
vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində
ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi
şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə
edilməsinə, onlara yüksəkkeyfiyyətli hüquqi yardım göstərilməsinə imkan
yaratdı. Digər tərəfdən, ölkəmizdə aparılan hüquqi islahatlar çərçivəsində dövlət
və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları
və azadlıqlarının bərpa edilməsinə də xüsusi diqqət ayrılmağa başlandı. Bununla
bağlı müstəqil məhkəmə hakimiyyətinin gücləndirilməsilə yanaşı, mütərəqqi məhkəmədənkənar
mexanizmlərin qurulmasına da şərait yaradıldı. Belə mexanizmlərdən biri ombudsman
təsisatı idi. Təsisatın statusu və səlahiyyətlərinin tam və hərtərəfli müəyyən
olunması məqsədilə 2001-ci ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkilli (ombudsman) haqqında Konstitusiya qanunu qəbul edildi. Bununla da
demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan bu institut ölkəmizdə
qeyri-məhkəmə müdafiə mexanizmi kimi fəaliyyət göstərməli və bütövlükdə insan
hüquqlarının güclü təminatçılarından biri kimi çıxış etməli idi.
Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının
mühüm tərkib hissələrindən biri də hüquq sisteminin fəaliyyət göstərməsi üçün
ictimai münasibətlərin müxtəlif sahələrini əhatə edən mühüm qanunvericilik
aktlarının hazırlanması və qəbul edilməsi idi. Bu istiqamətdə qısa müddət ərzində
Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, Ailə, inzibati
Xətalar, Gömrük, Vergi və digər Məcəllələri, "Notariat haqqında",
"Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Təhqiqat,
istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində
fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Vətəndaşların
hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi
haqqında" və digər qanun layihələri hazırlanaraq hüquq ictimaiyyətinin
müzakirəsinə təqdim olundu. Həmin qanunvericilik aktlarının layihələrinin
müzakirəsi təkcə əlaqədar qurum və təşkilatların deyil, müvafiq sahəvi mütəxəssislərin,
hüquqşünas-alimlərin iştirakı ilə gərgin müzakirələr və fikir mübadiləsi şəraitində
keçirilirdi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, mühüm normativ sənədlərin
hazırlanması və qəbulu prosesinə nüfuzlu beynəlxalq təşkilatların ekspertləri,
elm ocaqlarının nümayəndələri geniş surətdə cəlb olunurdu. Bu prosesə bir sıra
nüfuzlu beynəlxalq təşkilatlar, o cüm lədən Avropa Şurası və ATƏT qatılırdı.
Bu, Azərbaycanın ümumavropa hüquq məkanına inteqrasiyasına və Avropa Şurasına tamhüquqlu üzvlüyünə gedən prosesə dəyərli töhfə idi. Ölkəmizin hüquq sistemindəki mütərəqqi dəyişikliklərin nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa insan Hüquqları Konvensiyasına qoşuldu və bununla da, Avropa insan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Bütün bunlar Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini daha da sürətləndirdi, sosial-iqtisadi, mədəni inkişaf üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının möhkəmləndirilməsi üçün əsas oldu.
Avropa
Şurasına üzv qəbul edildikdən sonra qısa müddət ərzində Azərbaycan digər mühüm
Avropa Konvensiyalarına da qoşuldu. Qeyd etmək lazımdır ki, bu dövrdə ümu-
mavropa hüquqi məkanı çərçivəsində başlanmış sıx əməkdaşlıq, həmçinin Avropa
Şurasının müxtəlif qurum və təşkilatlarını da Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər
Qrupunu (GRECO), Avropa Şurasının Venesiya Komissiyasını, Avropada irqçilik
və Dözümsüzlüyə Qarşı Komissiyanı (ECRi) əhatə etdi. Görülən səmərəli təşkilati-hüquqi
tədbirlər nəticəsində həmin qurumlar və təşkilatlarla uzunmüddətli əməkdaşlığın
əsası qoyuldu.
İnsan hüquq və azadlıqlarının təmin olunması sahəsində
atılan beynəlxalq hüquqi addımlarla yanaşı, onlara müvafiq milli hüquqi tədbirlər
planı da hazırlanmalı idi. Prezident Heydər Əliyevin imzaladığı 1998-ci il 22
fevral tarixli "İnsan hüquq və
azadlıqlarının müdafiəsinə dair" fərmanı və "İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı"nın təsdiq olunması barədə 1998-ci il 18 iyun
tarixli sərəncamı ölkəmizdə insan hüquqlarının təmini sahəsində effektiv
müdafiə mexanizmlərinin formalaşdırılmasını sürətləndirdi. Bu fərman Azərbaycan
Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini
ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin insan Hüquqlarına dair Ümumi Bəyannaməsinin
qəbul edilməsinin 50 illiyi ərəfəsində ölkəmizdə demokratiyanın daha da inkişaf
etdirilməsi və insan hüquqlarını qorumaq sahəsində görülən tədbirlərin genişləndirilməsi
məqsədilə respublikanın ali dövlət hakimiyyəti
orqanlarına, insan hüquqları üzrə müvəkkilə (ombudsmana) bir sıra tövsiyələr və
tapşırıqlar verirdi.
Dövlətin
öz üzərinə götürdüyü mühüm beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi
istiqamətində görülən tədbirlər sırasında 2002-ci il avqustun 24-də keçirilmiş
referendum nəticəsində Konstitusiyaya dəyişikliklərin edilməsi, habelə
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında" Konstitusiya Qanununun qəbul edilməsi xüsusilə
qeyd olunmalıdır. Bu tədbirlərin həyata keçirilməsinin əsas qayəsi ölkəmizin
Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, insan
hüquqlarının daha etibarlı milli təminatı mexanizminin yaradılması, məhkəmə
islahatları ilə bağlı dəyişikliklərin daha da möhkəmləndirilməsi, dövlət idarəçiliyi
sisteminin hakimiyyət bölgüsü prinsipinin tələblərinə uyğunlaşdırılması, dövlətin
idarə edilməsi prosesinin optimallaşdırılması ilə bağlı olmuşdur. Referendum nəticəsində
Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən ən vacib olanları hər kəsin məhkəmə
müdafiəsi hüququnun möhkəmləndirilməsi, Ombudsmanın Konstitusiya Məhkəməsinə
müraciət etmək səlahiyyətlərinin, eləcə də sıravi vətəndaşların pozulmuş
konstitusion hüquq və azadlıqlarının təmin olunması üçün Konstitusiya Məhkəməsinə
müraciət etməsi imkanlarının təsbitindən ibarət idi. Bununla, Konstitusiya
Məhkəməsinin səlahiyyətləri genişləndi, onun Konstitusiyanın hüquqi mühafizəsi
sistemində əhəmiyyəti artmış oldu. Digər tərəfdən, 2002-ci il sentyabrın 19-da
qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında" referendum aktına əsasən, qanunçuluq və hüquq
qaydasının təmin edilməsində mühüm rol oynayan prokurorluğa da digər dövlət
orqanları ilə yanaşı, qanunvericilik təşəbbüsü hüququ verildi.
İnsan hüquqlarına dair milli norma və standartların
Avropa insan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci
ilin dekabrında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanunu da qəbul
edildi. Həmin qanun ölkəmizdə əsas hüquq və azadlıqların təsbitini möhkəmləndirməklə
yanaşı, onların realizəsi üçün mühüm mexanizmləri də müəyyənləşdirmiş oldu.
İslahatların səmərəliliyini və sonrakı dövrlər üçün əhəmiyyətini
göstərən mühüm xüsusiyyətlərdən biri məhkəmə-hüquq sisteminin humanistləşdirilməsi
meyli idi. Bunun əsas göstəricilərindən biri kimi 1995-ci ildən etibarən
amnistiya və əfvetmə institutlarının geniş şəkildə tətbiqidir.
İlk dövrdə respublikamızda amnistiya ilə bağlı xüsusi
qanunvericilik aktı olmasa da, Heydər Əliyevin qanunvericilik təşəbbüsü
qaydasında Milli Məclisə təqdim etdiyi amnistiya qərarları layihələri xüsusi
ictimai təhlükə kəsb etməyən məhkumların azadlığa buraxılmaları təmin edirdi.
Bütövlükdə, 1995-2003-cü illərdə dövlət başçısının təşəbbüsü ilə Milli Məclisin
qəbul etdiyi yeddi "Amnistiya haqqında" qərar 60 mindən artıq şəxsə
şamil edilmişdi.
Humanizm,
insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ölüm hökmünün təyini
və icrası məsələlərinə münasibətdə də öz əksini tapıb. Hüquq islahatlarının
başlanğıc fazasında ölüm hökmünün icrası üzərində moratorium qoyulmuş, daha
sonra isə qanunla onun tətbiqinin əsasları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında
Milli Məclisə müraciət əsasında qəbul edilmiş "Azərbaycan Respublikasında
ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr
edilməsi haqqında" 10 fevral 1998-ci il tarixli qanunla ölüm hökmü tamamilə
ləğv edilmişdir.
Beləliklə,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən
hüquqi islahatların ikinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə
əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları
üzrə müvəkkil kimi yeni təsisatların yaradılması ilə yanaşı, mövcud hüquq-mühafizə
sistemi fəaliyyəti təkmilləşdirildi, insan hüquqlarının təmini sahəsində
effektiv müdafiə mexanizmləri formalaşdırıldı. Eyni zamanda, beynəlxalq hüquqi
prinsiplərə və hüquqyaratmanın müasir, mütərəqqi tələblərinə uyğun qanunlar və
məcəllələr də qəbul edildi. Başqa sözlə, sistemlilik və kompleksli yanaşma
aparılmış islahatların əsas, başlıca məziyyətlərindən biri oldu.
Hüquqi
islahatların mühüm xüsusiyyətlərindən biri də onların geniş ictimai müzakirələrlə
müşayiət olunmasıdır. Təsadüfi deyil ki, bütün əhəmiyyətli, fundamental
qanunvericilik aktları müvafiq dövlət orqanları ilə yanaşı, ictimaiyyətin,
kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları nümayəndələrinin
iştirakı ilə təşkil edilən müzakirələrdə nəzərdən keçirilmiş, onların məzmunu
ilə bağlı fikir mübadilələri aparılmışdır. Bu günün özündə də həmin mütərəqqi ənənə
davam edir, ictimaiyyəti narahat edən hüquqi problemlərlə bağlı səlahiyyətli
dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının
nümayəndələri ilə hüquqşünas-alimlərin vaxtaşırı görüşləri keçirilir.
Bu gün
böyük qürur hissi ilə qeyd edə bilərik ki, ümummilli lider Heydər Əliyevin gərgin
əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycanın
demokratik və hüquqi dövlətçilik standartlarına cavab verən məhkəmə və hüquq
sistemləri qurulmuşdur. Aparılan islahatların səmərəliliyinin, gərgin əməyin
bəhrəsinin əsas göstəricilərindən biri bu yolun uğurla davamıdır. Ümummilli
lider Heydər Əliyev tərəfindən başlanılan məhkəmə-hüquq islahatları prosesi Azərbaycan
Respublikasının Prezidenti möhtərəm ilham Əliyevin müəyyən etdiyi siyasi kurs
çərçivəsində ardıcıllıqla və müvəffəqiyyətlə davam etdirilir.
Rövşən
İSMAYILOV,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimi,
Əməkdar hüquqşünas.