19.04.2023
Bu ilin
“Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə
tədbirlər çərçivəsində aprelin 19-da Konstitusiya Məhkəməsi tərəfindən
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir
nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər
Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq
ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli
tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi
təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və
elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, bütün sahələrdə qazanılan
uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.
Vurğulanıb ki, müstəqilliyimizin bərpa
edildiyi dövrlərdə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili
çəkişmələr üzündən dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşsa da, Heydər
Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib,
ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyadan qurtarıb, bütün sahələrdə
müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yeni qurulan dövlətin
dayanıqlı inkişaf yolunu müəyyən edib və xalqının mənafeyini daim qorumaq üçün
bütün imkanlardan istifadə edib.
Sədr görkəmli siyasətçi Heydər Əliyevin
vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər
həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini vurğulayıb. Hüquqi dövlət
quruculuğu inkişafın başlıca istiqaməti kimi müəyyən edilərək Ulu Öndərin
rəhbərliyi ilə qısa müddət ərzində geniş məhkəmə-hüquq islahatlarına
başlanılıb, demokratik prinsiplər əsasında yeni hüquq sistemi formalaşdırılıb,
insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı üçün yeni təsisatların
yaradılmasına əsaslı zəmin yaranıb.
Dahi şəxsiyyət Heydər Əliyevin zəngin
dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad
Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlətçiliyin
inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və
hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar
açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalət
mühakiməsi institutu təsis edilib.
Qeyd edilib ki, bu gün Ulu Öndər Heydər
Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn
müqəddəs ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilir. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti
sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın daxili və xarici
siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən nəhəng
quruculuq işləri, ölkənin və xalqın mənafeyi naminə həyata keçirilən layihələr
Heydər Əliyevin siyasi və idarəçilik irsinin davamıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Heydər Əliyevin
siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın
aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə
Azərbaycanın sivil və inkişaf etmiş dövlətlərin ailəsinə daha fəal
inteqrasiyasına xidmət edir.
Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər
Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü daxili və xarici siyasətin, ordu
quruculuğu strategiyasının müasir dövrdə Ali Baş Komandan İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu 44 günlük
Vətən müharibəsində tarixi zəfər qazanıb. Dövlət başçısının sərkərdəlik
məharəti, strateji və diplomatik addımları, yenilməz ordunun gücü və xalqın
birliyi sayəsində torpaqlarımızın uzun illər davam edən işğalına son qoyularaq
ərazi bütövlüyümüz, tarixi ədalət və beynəlxalq hüquq bərpa edilib. Bu Qələbə
regionda yeni reallıqlar yaratdı və Konstitusiyanın hüquqi qüvvəsi işğaldan
azad edilmiş torpaqlarımızda bərpa olunub, bununla da, həmin ərazilərdə
vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.
Qeyd olunub ki, Azərbaycan xalqının
qüdrətli dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi, ölkə
vətəndaşlarının dövlətimizin başçısının həyata keçirdiyi siyasəti fəal şəkildə
dəstəkləməsi siyasi və milli həmrəyliyin bariz nümunəsi kimi
qiymətləndirilməlidir. Hazırda Prezident İlham Əliyevin işğaldan azad olunmuş
rayonlara səfərləri, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa
edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlət başçısı
tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən mühüm
əhəmiyyət kəsb edir. İşğal dönəmində tamamilə dağıdılan ərazilərin bərpası ilə
bağlı Strateji Fəaliyyət Planına əsasən yeni konsepsiyalar əsasında
infrastruktur yaradılır, geniş miqyaslı bərpa-quruculuq işləri həyata
keçirilir, həmçinin qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci
vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın
bilavasitə iştirakı ilə bərpa edilir.
Tədbirdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
rektoru Urxan Ələkbərov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli
Məclisin deputatları Əminə Ağazadə, Nurlan Həsənov, Elnur Allahverdiyev, Bəhruz
Məhərrəmov və hüquq sahəsi üzrə bir sıra görkəmli alimlər, ictimai xadimlər
iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, görkəmli
siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin
tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu Öndərin Azərbaycana rəhbərlik
etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü
sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan
xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb. Dərin təfəkkürə sahib olan
Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın
zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində
layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Daha sonra Konfransın praktiki hissəsində
“Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin
rolu”, “Heydər Əliyev Müstəqil Azərbaycan vəkilliyinin banisi kimi”, “Heydər
Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”, “Konstitusiyada təsbit
edilmiş dəyərlərin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rolu”, “İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi ekspertiza və
qanunvericilik təşəbbüsləri mərkəzinin rolu” və digər hüquqi mövzular üzrə
məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran Fərhad Abdullayev xüsusilə qeyd edib ki, bu gün xalqını mürəkkəb tarixi sınaqlardan uğurla çıxarıb və müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil, demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq bu gün onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Azərbaycan dünyada bir çox yeni layihələrə imza ataraq məğlubedilməz və güclü dövlətə çevrilir, hərtərəfli inkişaf edərək zəfərdən-zəfərə doğru addımlayır. Yaradılması xalqımızın Ümummilli Liderinin adı ilə bağlı olan Konstitusiya Məhkəməsi isə gələcəkdə də öz fəaliyyəti ilə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlətçiliyimizin inkişafına töhfəsini etməyə daim çalışacaq.