Konstitusiya Məhkəməsi Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş konfrans keçirib

News

2023 Apr

19.04.2023

Bu ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində aprelin 19-da Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, müstəqilliyimizin bərpa edildiyi dövrlərdə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşsa da, Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyadan qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yeni qurulan dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib və xalqının mənafeyini daim qorumaq üçün bütün imkanlardan istifadə edib.

Sədr görkəmli siyasətçi Heydər Əliyevin vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini vurğulayıb. Hüquqi dövlət quruculuğu inkişafın başlıca istiqaməti kimi müəyyən edilərək Ulu Öndərin rəhbərliyi ilə qısa müddət ərzində geniş məhkəmə-hüquq islahatlarına başlanılıb, demokratik prinsiplər əsasında yeni hüquq sistemi formalaşdırılıb, insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı üçün yeni təsisatların yaradılmasına əsaslı zəmin yaranıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.

Qeyd edilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən nəhəng quruculuq işləri, ölkənin və xalqın mənafeyi naminə həyata keçirilən layihələr Heydər Əliyevin siyasi və idarəçilik irsinin davamıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil və inkişaf etmiş dövlətlərin ailəsinə daha fəal inteqrasiyasına xidmət edir.

Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü daxili və xarici siyasətin, ordu quruculuğu strategiyasının müasir dövrdə Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanıb. Dövlət başçısının sərkərdəlik məharəti, strateji və diplomatik addımları, yenilməz ordunun gücü və xalqın birliyi sayəsində torpaqlarımızın uzun illər davam edən işğalına son qoyularaq ərazi bütövlüyümüz, tarixi ədalət və beynəlxalq hüquq bərpa edilib. Bu Qələbə regionda yeni reallıqlar yaratdı və Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olunub, bununla da, həmin ərazilərdə vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.

Qeyd olunub ki, Azərbaycan xalqının qüdrətli dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi, ölkə vətəndaşlarının dövlətimizin başçısının həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəkləməsi siyasi və milli həmrəyliyin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Hazırda Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlət başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. İşğal dönəmində tamamilə dağıdılan ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planına əsasən yeni konsepsiyalar əsasında infrastruktur yaradılır, geniş miqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, həmçinin qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatları Əminə Ağazadə, Nurlan Həsənov, Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov və hüquq sahəsi üzrə bir sıra görkəmli alimlər, ictimai xadimlər iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb. Dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.

Daha sonra Konfransın praktiki hissəsində “Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu”, “Heydər Əliyev Müstəqil Azərbaycan vəkilliyinin banisi kimi”, “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”, “Konstitusiyada təsbit edilmiş dəyərlərin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi ekspertiza və qanunvericilik təşəbbüsləri mərkəzinin rolu” və digər hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.

Tədbirə yekun vuran Fərhad Abdullayev xüsusilə qeyd edib ki, bu gün xalqını mürəkkəb tarixi sınaqlardan uğurla çıxarıb və müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil, demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq bu gün onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Azərbaycan dünyada bir çox yeni layihələrə imza ataraq məğlubedilməz və güclü dövlətə çevrilir, hərtərəfli inkişaf edərək zəfərdən-zəfərə doğru addımlayır. Yaradılması xalqımızın Ümummilli Liderinin adı ilə bağlı olan Konstitusiya Məhkəməsi isə gələcəkdə də öz fəaliyyəti ilə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlətçiliyimizin inkişafına töhfəsini etməyə daim çalışacaq.