26.01.2023
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il sentyabrın 29-da 2023-cü
ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında bütün cəmiyyətimiz
üçün xüsusi əhəmiyyət daşıyan Sərəncam imzalamışdır.
Müstəqil Azərbaycan
dövlətinin qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik
yubileyi ərəfəsində ulu öndərin müasir tariximizin parlaq və silinməz səhifələrini
təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri yad edilərək bütün dünya
azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun
hüdudlarından kənarda geniş qeyd olunacaqdır. Tarixin ən qüdrətli dövlət və
siyasət adamları, dahi şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli
lider Heydər Əliyevin zəngin irsi dövlətimizin inkişaf və tərəqqi yolunun
etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət,
böyük qürur və iftixar mənbəyidir. Müasir Azərbaycan dövlətçiliyinin tarixinə
adını əbədi həkk etmiş bu fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi
illər intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü
kimi qəbul edilir.
Ulu öndər Heydər
Əliyevin xalqı və dövləti qarşısında ən böyük xidməti, əlbəttə ki, təməli möhkəm
və etibarlı bünövrə üzərində qoyulan müstəqil, müasir və qüdrətli Azərbaycan
dövlətinin qurulmasıdır. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu,
insan hüquq və azadlıqlarının fundamental prinsipləri zəminində ardıcıl və məqsədyönlü
tədbirlərin həyata keçirilməsi Heydər Əliyev siyasi xəttinin əsasını təşkil
etmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə
respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir
irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər
böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Bu illər xalqımızın həm
milli mənlik şüurunun oyanışı, azadlığın və müstəqilliyin qorunması hissinin
güclənməsi, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının
vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını və siyasi fəaliyyətini
böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və dövlətinin
tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə dünya miqyasında nüfuzlu
bir dövlət kimi tanınan Azərbaycan zamanın ağır və sərt sınaqlarından çıxaraq
ölçüyəgəlməz irəliləyişə nail olmuşdur.
Ümummilli lider 1993-cü
ildə xalqı və dövləti böyük təhlükələrdən qorumaq üçün xalqın təkidli xahişinə
cavab verərək hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi,
qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına
xidmət edən hüquqi islahatların müəllifi olmuşdur.
Məhz ümummilli liderin
hakimiyyətə qayıdışı ilə ölkəmizdə hüquqi dövlət quruculuğuna başlandı, söz,
fikir və mətbuat azadlığı təmin edildi, insanların sərbəst toplaşmasına, öz
fikirlərini azad ifadə etmələrinə şərait yaradıldı, digər demokratik prinsiplərin
cəmiyyətdə təşəkkül tapması dövlət siyasətinin əsas istiqamətlərindən birinə
çevrildi, bu sahədə demokratik prinsiplərə tam cavab verən qanunvericilik
bazası yaradıldı.
Ümummilli liderin
1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur
ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda böyük təcrübəsi
və siyasi iradəsi sayəsində ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə,
strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olaraq,
Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq miqyasında
ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan
uzaqgörən və müdrik addımlar atmışdır.
Müstəqilliyini bərpa
etmiş Azərbaycan dövlətinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın
bünövrəsinin qoyulması ölkəmizdə yenidən anarxiya yaradaraq bundan öz mənfəətləri
naminə istifadə etmək istəyən daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə
üzləşdirdi. Məhz Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini birmənalı
şəkildə dəstəkləməsi nəticəsində ölkədə dövlət quruculuğu sahəsində fundamental
addımlar atıldı, mürəkkəb siyasi problemlər həll olunaraq ölkədaxili sabitlik əldə
edildi, sülh və əmin-amanlıq bərqərar olundu. Həmçinin, məqsədyönlü və uzaqgörən
xarici siyasət sayəsində mühüm strateji gedişlər edilərək erməni işğalının
qarşısı alındı və cəbhə xəttində atəşkəs elan olundu.
1993-1995-ci illər
müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması
uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun
bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə
dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq,
genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı. Beynəlxalq
əlaqələr möhkəmləndirilərək bir çox uğurlu layihələrin, neft strategiyasının təməli
qoyuldu, müdrik və təcrübəli xarici siyasi kurs sayəsində yeni siyasi-iqtisadi əməkdaşlıqlar
yarandı və Azərbaycan günbəgün beynəlxalq nüfuzu artaraq inkişaf edən ölkəyə
çevrildi. Ulu öndərin böyük uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi
olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkənin bütün
strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verdi.
Ölkədə tam
ictimai-siyasi sabitliyin bərqərar olunması öz növbəsində demokratik hüquqi
dövlət quruculuğu prosesinin yeni mərhələdə aparılmasına da geniş imkanlar
açdı. "Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən,
milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir"
söyləyən ulu öndər demokratik prinsipləri bu günümüzün və gələcəyimizin əsası kimi
görürdü.
Böyük strateqin rəhbərliyi
ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön plana çıxarırdı.
Ulu öndər Heydər
Əliyevin gərgin əməyinin bəhrəsi olan bu mükəmməl tarixi və hüquqi sənədin
suveren Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasında, mədəniyyətimizin
və milli-mənəvi dəyərlərimizin qorunmasında, əhalinin rifahının
yaxşılaşdırılmasında rolu danılmazdır. Yeni qəbul edilmiş konstitusiyada öz əksini
tapan bir çox müddəalar əslində dahi şəxsiyyətin ideya və baxışlarının, hüquqi
düşüncələrinin, uğrunda mübarizə apardığı, xalqının xoşbəxt gələcəyini gördüyü
amalların hüquq normalarında təcəssümü idi.
Əsas Qanun əks
etdirdiyi humanizm və demokratiya prinsipləri ilə ölkədə insanların hüquq və
azadlıqlarının təmin olunması, dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin
yaratdı.
Konstitusiyada əksini
tapmış müddəaların üçdə birinin sırf insan hüquqları ilə bağlı olması da ulu
öndərimizin insan hüquqlarına böyük həssaslıqla yanaşmasının bariz nümunəsidir.
Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik
iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin
ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyərək
vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində
çıxış edirdi. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi dəqiq əksini tapmış,
zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə
fundamental hüquqi zəmin yaradılmışdır.
Ölkədə məhkəmə-hüquq
sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi üçün səmərəli, həmçinin çevik mexanizmlərin
yaradılması, habelə qanunların aliliyinin təmin olunması üçün bir sıra mühüm
addımlar atıldı. İslahatların hüquqi bazasının yaradılması, insan hüquq və
azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız
müxtəlif beynəlxalq hüquq sazişlərinə qoşuldu, qanunvericilik, icra və məhkəmə
hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər
həyata keçirildi. Cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində müsbət
dəyişikliklər baş verdi, genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə
quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin yaranması prosesinə
başlanıldı.
Qeyd olunmalıdır ki,
ulu öndərin insan hüquq və azadlıqlarının qorunması sahəsində atdığı ən mühüm
addımlarından biri bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini
bir daha nümayiş etdirərək ölüm cəzasının ləğv edilməsi ilə bağlıdır. Şərqdə
ilk dəfə olaraq ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi,
demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik
prinsiplərin inkişafına xüsusi önəm verildiyini bir daha təsdiqlədi və cinayət-hüquq
siyasətinin humanistləşdirilməsi sahəsində mühüm əhəmiyyət kəsb etdi. Heydər
Əliyevin humanist siyasəti nəticəsində respublikamızda əfv və amnistiya
institutları bərpa olunaraq məhkumların bağışlanması müsbət ənənəyə çevrildi.
Konstitusiyanın
aliliyinin və insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi
baxımından ölkəmizdə ilk dəfə konstitusiya nəzarəti orqanı olan Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin yaradılması ümummilli lider Heydər
Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının
müddəalarından irəli gələn prinsiplərin aliliyinin təmin olunmasına və cari
qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş fəaliyyəti
həyata keçirmək məqsədilə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq
Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmışdır.
Əsas Qanunun təkmilləşdirilməsi baxımından 2002-ci il avqustun 24-də keçirilmiş
referendumla Konstitusiyaya müvafiq əlavə və dəyişikliklər edilmiş, həmin dəyişikliklər
əsasında hər kəs bilavasitə Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ əldə
etmişdir. Konstitusiya Məhkəməsinin səlahiyyətində belə dəyişikliyin edilməsi
hüquqi-demokratik dövlətin formalaşdırılması prosesində və məhkəmə-hüquq
islahatlarının həyata keçirilməsində mühüm addım idi.
Bu gün ümummilli
liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və
xarici siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir.
Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr,
Azərbaycanın hərtərəfli modernləşməsi, dünya birliyində yerinin möhkəmlənməsi
ulu öndərin əsasını qoyduğu inkişaf yolunun davamıdır. Dövlət başçısının düşünülmüş,
məqsədyönlü fəaliyyəti, bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan
nəticələr, qazanılan qələbələr müstəqilliyimizi daha da möhkəmləndirir, dövlətçiliyimizi
qüdrətləndirir və Azərbaycan Respublikasının regional və beynəlxalq miqyasda
nüfuzunu daha da artırır.
Prezident cənab İlham
Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri ordumuzun gücü və xalqımızın
dəstəyi ilə başa çatdırdı, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında
sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş
etdirdi. Müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən,
qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci
il sentyabrın 27-də başlanan əks-hücum xarakterli hərbi əməliyyat nəticəsində
ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və
Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə,
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini
özü icra etdi.
Qüdrətli Azərbaycan
haqq səsini dünya ictimaiyyətinə çatdıraraq yerləşdiyi bölgənin siyasi,
iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu dünyaya nümayiş
etdirdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası
Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa
olundu. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların
konstitusiya hüquqlarının bərpasını təmin etdi. Ordumuz tərəfindən həyata
keçirilən uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri
olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu.
Öz şərəfli fəaliyyəti
ilə doğma vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış ulu öndər bu
gün hər birimizin qəlbində yaşayır. Azərbaycan xalqı onun misilsiz əməyi nəticəsində
formalaşmış yeni hüquq sisteminin bəhrəsini görür və demokratik hüquqi dövlət
quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahididir. Bu gün hər bir vətəndaşın
Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun əsəri
olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi,
xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə
xidmət göstərməkdir.
Tural Aslanov,
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Aparatının
Protokol və ictimaiyyətlə
əlaqələr
şöbəsinin müdiri, 3-cü dərəcə Dövlət müşaviri.