Heydər Əliyev - Azərbaycanda müasir hüquqi dövlətin banisi

News

2023 Jan

26.01.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında bütün cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıyan Sərəncam imzalamışdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ulu öndərin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri yad edilərək bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olunacaqdır. Tarixin ən qüdrətli dövlət və siyasət adamları, dahi şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli lider Heydər Əliyevin zəngin irsi dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Müasir Azərbaycan dövlətçiliyinin tarixinə adını əbədi həkk etmiş bu fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.

Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısında ən böyük xidməti, əlbəttə ki, təməli möhkəm və etibarlı bünövrə üzərində qoyulan müstəqil, müasir və qüdrətli Azərbaycan dövlətinin qurulmasıdır. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsipləri zəminində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.

Bu illər xalqımızın həm milli mənlik şüurunun oyanışı, azadlığın və müstəqilliyin qorunması hissinin güclənməsi, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və dövlətinin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə dünya miqyasında nüfuzlu bir dövlət kimi tanınan Azərbaycan zamanın ağır və sərt sınaqlarından çıxaraq ölçüyəgəlməz irəliləyişə nail olmuşdur.

Ümummilli lider 1993-cü ildə xalqı və dövləti böyük təhlükələrdən qorumaq üçün xalqın təkidli xahişinə cavab verərək hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur.

Məhz ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdə hüquqi dövlət quruculuğuna başlandı, söz, fikir və mətbuat azadlığı təmin edildi, insanların sərbəst toplaşmasına, öz fikirlərini azad ifadə etmələrinə şərait yaradıldı, digər demokratik prinsiplərin cəmiyyətdə təşəkkül tapması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, bu sahədə demokratik prinsiplərə tam cavab verən qanunvericilik bazası yaradıldı.

Ümummilli liderin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda böyük təcrübəsi və siyasi iradəsi sayəsində ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olaraq, Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması ölkəmizdə yenidən anarxiya yaradaraq bundan öz mənfəətləri naminə istifadə etmək istəyən daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdirdi. Məhz Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini birmənalı şəkildə dəstəkləməsi nəticəsində ölkədə dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı, mürəkkəb siyasi problemlər həll olunaraq ölkədaxili sabitlik əldə edildi, sülh və əmin-amanlıq bərqərar olundu. Həmçinin, məqsədyönlü və uzaqgörən xarici siyasət sayəsində mühüm strateji gedişlər edilərək erməni işğalının qarşısı alındı və cəbhə xəttində atəşkəs elan olundu.

1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı. Beynəlxalq əlaqələr möhkəmləndirilərək bir çox uğurlu layihələrin, neft strategiyasının təməli qoyuldu, müdrik və təcrübəli xarici siyasi kurs sayəsində yeni siyasi-iqtisadi əməkdaşlıqlar yarandı və Azərbaycan günbəgün beynəlxalq nüfuzu artaraq inkişaf edən ölkəyə çevrildi. Ulu öndərin böyük uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verdi.

Ölkədə tam ictimai-siyasi sabitliyin bərqərar olunması öz növbəsində demokratik hüquqi dövlət quruculuğu prosesinin yeni mərhələdə aparılmasına da geniş imkanlar açdı. "Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir" söyləyən ulu öndər demokratik prinsipləri bu günümüzün və gələcəyimizin əsası kimi görürdü.

Böyük strateqin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarırdı.

Ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu mükəmməl tarixi və hüquqi sənədin suveren Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasında, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında rolu danılmazdır. Yeni qəbul edilmiş konstitusiyada öz əksini tapan bir çox müddəalar əslində dahi şəxsiyyətin ideya və baxışlarının, hüquqi düşüncələrinin, uğrunda mübarizə apardığı, xalqının xoşbəxt gələcəyini gördüyü amalların hüquq normalarında təcəssümü idi.

Əsas Qanun əks etdirdiyi humanizm və demokratiya prinsipləri ilə ölkədə insanların hüquq və azadlıqlarının təmin olunması, dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı.

Konstitusiyada əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərimizin insan hüquqlarına böyük həssaslıqla yanaşmasının bariz nümunəsidir.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyərək vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edirdi. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.

Ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün səmərəli, həmçinin çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması üçün bir sıra mühüm addımlar atıldı. İslahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız müxtəlif beynəlxalq hüquq sazişlərinə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirildi. Cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində müsbət dəyişikliklər baş verdi, genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin yaranması prosesinə başlanıldı.

Qeyd olunmalıdır ki, ulu öndərin insan hüquq və azadlıqlarının qorunması sahəsində atdığı ən mühüm addımlarından biri bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirərək ölüm cəzasının ləğv edilməsi ilə bağlıdır. Şərqdə ilk dəfə olaraq ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini bir daha təsdiqlədi və cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində mühüm əhəmiyyət kəsb etdi. Heydər Əliyevin humanist siyasəti nəticəsində respublikamızda əfv və amnistiya institutları bərpa olunaraq məhkumların bağışlanması müsbət ənənəyə çevrildi.

Konstitusiyanın aliliyinin və insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi baxımından ölkəmizdə ilk dəfə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gələn prinsiplərin aliliyinin təmin olunmasına və cari qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş fəaliyyəti həyata keçirmək məqsədilə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmışdır. Əsas Qanunun təkmilləşdirilməsi baxımından 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiyaya müvafiq əlavə və dəyişikliklər edilmiş, həmin dəyişikliklər əsasında hər kəs bilavasitə Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ əldə etmişdir. Konstitusiya Məhkəməsinin səlahiyyətində belə dəyişikliyin edilməsi hüquqi-demokratik dövlətin formalaşdırılması prosesində və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm addım idi.

Bu gün ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli modernləşməsi, dünya birliyində yerinin möhkəmlənməsi ulu öndərin əsasını qoyduğu inkişaf yolunun davamıdır. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti, bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr, qazanılan qələbələr müstəqilliyimizi daha da möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və Azərbaycan Respublikasının regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırır.

Prezident cənab İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri ordumuzun gücü və xalqımızın dəstəyi ilə başa çatdırdı, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən, qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum xarakterli hərbi əməliyyat nəticəsində ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini özü icra etdi.

Qüdrətli Azərbaycan haqq səsini dünya ictimaiyyətinə çatdıraraq yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasını təmin etdi. Ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu.

Öz şərəfli fəaliyyəti ilə doğma vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış ulu öndər bu gün hər birimizin qəlbində yaşayır. Azərbaycan xalqı onun misilsiz əməyi nəticəsində formalaşmış yeni hüquq sisteminin bəhrəsini görür və demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahididir. Bu gün hər bir vətəndaşın Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

Tural Aslanov,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Aparatının

Protokol və ictimaiyyətlə əlaqələr

şöbəsinin müdiri, 3-cü dərəcə Dövlət müşaviri.