Heydər Əliyev və Konstitusiya Ədalət Mühakiməsi

Xəbərlər

2023 Mar

17.03.2023

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyev Azərbaycan və dünya tarixində silinməz iz qoymuş şəxsiyyətlərdəndir. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev bizim hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi liderdir. Ümummilli liderin 100 illik yubileyi ərəfəsində müasir tariximizin olduqca mühüm səhifələrini təşkil edən misilsiz xidmətləri dərin ehtiramla ölkəmizin hər yerində, eyni zamanda onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunur.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2022-ci il 29 sentyabr tarixli Sərəncamla Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan olunub. Sərəncamda qeyd edilmişdir: "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".

İstənilən liderin dahiliyi, böyüklüyü yaşadığı dövrdə gördüyü işlərin əhəmiyyəti həmçinin bu fəaliyyətin gələcəyə təsiri ilə müəyyən edilir. Bütün varlığı ilə öz doğma Vətəninə və xalqına bağlı olan dünyaşöhrətli siyasətçi Heydər Əliyev adını əbədi olaraq müasir tariximizə həkk etmiş, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi yaratmışdır.

1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edilsə də, ölkədə ictimai-siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə və anarxiya hökm sürürdü. İqtisadi və siyasi böhran getdikcə dərinləşmiş, iqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüşdü. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar müharibəsi ölkədəki gərgin vəziyyəti daha da pisləşdirmiş, dövlətin dağılması, parçalanması təhlükəsi yaranmış, sözün əsl mənasında hakimiyyət boşluğu meydana gəlmişdi.

Belə bir ağır və mürəkkəb vəziyyətdə ölkəmiz qarşısında həlli kifayət qədər vacib olan mühüm vəzifələr dayanmışdı. Belə ki, yeni idarəçilik sisteminin formalaşdırılması, dövlətin xarici siyasət kursunun müəyyənləşdirilməsi, yeni qanunvericilik bazasının və milli iqtisadi modelin yaradılması və onun tətbiqi, milli ideoloji dəyərlərin bərpa edilməsi mühüm vəzifələrdən idi.

Qarşıda dayanan taleyüklü məsələləri həll etmək üçün xalqın geniş təbəqəsinin inandığı liderin olması zəruri idi. Lakin müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən dairələrin xalq arasında nüfuzu yox idi. Azərbaycanın ən çətin və ağır zamanında böyük xilaskara, müdrik şəxsiyyətə, sözün əsl mənasında liderə ehtiyac yaranmışdı. Məhz belə bir zamanda xalqın tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu. Hər zaman xalqı ilə bir olan ümummilli lider 1993-cü ilin iyun ayında Bakıya gəldikdən dərhal sonra ölkədə yaranmış vətəndaş müharibəsinin qarşısını almaq və bununla da sabitliyi bərqərar etmək üçün mühüm addımlar atdı.

Xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını və ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını prioritet istiqamətlər kimi müəyyənləşdirdi.

Eyni zamanda o dövrdə ən əsas məsələlərdən biri də zamanın tələblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılması idi. Belə ki, SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinə, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq, məhkəmə və qanunvericilik sisteminin formalaşdırılmasını tələb edirdi. Bunun üçün isə qanunvericilik bazasının əsasını təşkil edən müstəqil dövlətin yeni Konstitusiyasının qəbul edilməsi artıq bir zərurətə çevrilmişdi.

Müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindəndir. Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən ümummilli lider bununla bağlı yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il avqustun 16-da keçirilən iclasında çıxışı zamanı ulu öndər demişdir: "Bu gün mən tam qətiyyətlə deyirəm və bütün dünyaya bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün Azərbaycan Respublikasını öz tutduğu yol ilə - demokratiya yolu ilə aparmaq üçün biz ciddi iş görmüşük, böyük addım atmışıq və bununla da müstəqil dövlətimizin hansı yolla getdiyini dünyaya bir daha sübut edirik".

Müstəqil dövlətin ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının olması ilə səciyyələnir. Müəllifi ulu öndər Heydər Əliyev olan Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır.

Dövlət və cəmiyyətin Əsas Qanunu olması ilə bərabər, ölkədə gedən ictimai inkişaf və sosial-iqtisadi dəyişikliklər, həmçinin qloballaşan dünya tələbləri Konstitusiyanın özünün mətnində də dövrün nəbzinə uyğun əlavə və dəyişikliklərin edilməsini tələbata çevirdi. Belə ki, Əsas Qanunun mətninə 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində əhəmiyyətli əlavə və dəyişikliklər edilmiş və bu əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmişdir.

Qeyd edilməlidir ki, Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması oldu. Əsas Qanunun qəbulundan sonra ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına yönələn qanunvericilik bazası formalaşmış, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi üçün çoxpilləli məhkəmə sistemi yaradılmışdır.

Eyni zamanda 1995-ci ildə qəbul edilən Əsas Qanunun xüsusiyyətlərindən biri də ölkəmizdə yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq konstitusiya nəzarəti orqanı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis edilməsi oldu. 1998-ci il iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimlərinin təyin edilməsi və həmin il iyulun 18-də ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.

Müasir dövrdə konstitusiya nəzarəti institutu Əsas Qanunun aliliyinin təmin edilməsinin, insan hüquq və azadlıqlarının müdafiəsinin mühüm dövlət mexanizmlərindən biri qismində çıxış edir. Ölkəmizdə Konstitusiya Məhkəməsi simasında konstitusiya nəzarəti orqanının fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Konstitusiya Məhkəməsinin səlahiyyətləri Əsas Qanunun 130-cu maddəsində öz əksini tapmışdır. Qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə digər aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini təmin edir.

Konstitusiya Məhkəməsinin digər mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhin əsas məqsədi Konstitusiya və qanunların müvafiq müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin aradan qaldırılması, eyni zamanda bu müddəaların həqiqi mənasının və məzmununun müəyyən edilməsidir. Konstitusiya Məhkəməsi bu səlahiyyətini Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və məhkəmələrin müraciətləri əsasında həyata keçirir. Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir.

Qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə şamil edilməsinə dair müvafiq şərhin verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmişdir.

Milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə verilən sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 2000-ci il 28 avqust tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi aktın geriyə qüvvəsinin təminatı hüququn bütün sahələrini əhatə edir və qəbul olunan normativ-hüquqi aktlara, o cümlədən "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikasının Qanununa da şamil olunur.

Qərarda həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin sorğusunda qaldırılan məsələ seçkilərdə Konstitusiyada nəzərdə tutulmuş hüquq və təminatların bərqərar olunmasına yönəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən qərarında belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin müddəaları yalnız bu Qanunun qüvvəyə minməsindən sonra Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaranan və müvafiq icra hakimiyyəti orqanından müəyyənləşdirilmiş qeydiyyat şəhadətnaməsi alan siyasi partiyalara şamil edilir.

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilmiş və nəticədə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi xeyli genişləndirilmişdir. Əlavələrə əsasən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), məhkəmələr və hər kəs (hüquqi və fiziki şəxslər) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişdir.

2002-ci il 14 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Konstitusiyanın 153-cü maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum Aktının layihəsini rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ulu öndərin Əsas Qanuna mütərəqqi əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünü dəstəkləyərək belə qənaətə gəlmişdir ki, referendum Aktının layihəsində təklif olunan dəyişikliklər hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsinə, hər bir şəxsin hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəldilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 21 iyun tarixli Qərarı ilə ölkə başçısı tərəfindən ünvanlanmış "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında" referendum Aktının layihəsinə aşağıdakı rəy verilmişdir: "Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təklifləri xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin müddəalarına uyğundur".

Əsas Qanuna 2002-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra "Konstitusiya Məhkəməsi haqqında" yeni Qanunun 2004-cü ildən qüvvəyə minməsi ilə Konstitusiya Məhkəməsinin fəaliyyətində keyfiyyətcə yeni mərhələ başladı. Yeni Qanun layihəsinin hazırlanması prosesində bir çox xarici ölkələrin mütərəqqi təcrübəsi öyrənilmiş və bu təcrübədən istifadə edilmişdir. Qəbul edilən Qanunda bir sıra digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi qaydası və bu müraciətlərə baxılması prosedurları da ehtiva edilmişdir.

Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi nəticəsində hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ əldə etdi. Həmçinin Əsas Qanuna edilən dəyişikliklərdən sonra məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada müvafiq məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ əldə etmişdir.

Həyat və təcrübə göstərdi ki, Əsas Qanuna edilən mütərəqqi əlavə və dəyişikliklər ölkəmizdə hüquqi cəmiyyətin inkişafı, Konstitusiyada təsbit edilmiş prinsip və dəyərlərin təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və xüsusilə insanların hüquq və azadlıqlarının müdafiəsində əlavə dövlət təminatlarının yaradılması üçün böyük rol oynayır. Konstitusiya Məhkəməsinin yaradılmasının beşinci ildönümü münasibətilə müraciətində ulu öndər Heydər Əliyev qeyd etmişdir: "Hazırda biz Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik". Eyni zamanda ümummilli lider 2002-ci ildə keçirilən referendum nəticəsində Konstitusiya Məhkəməsinə müraciətlə bağlı Konstitusiyaya edilən dəyişikliklər ilə əlaqədar qeyd etmişdir ki, vətəndaşların öz hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizm əldə etməsi ilə yanaşı, Konstitusiya Məhkəməsi də insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal iştirak etmək imkanı əldə etmişdir.

Ümummilli liderin Konstitusiya Məhkəməsinin fəaliyyətinə verdiyi bu yüksək qiymət Məhkəmənin hakimləri və əməkdaşları üçün daim böyük məsuliyyəti nəzərdə tutur.

Bu il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyidir. Məhkəmənin fəaliyyət göstərdiyi 25 ili ümumilikdə təhlil edərkən qeyd edilməlidir ki, bu dövr ərzində insan hüquq və azadlıqlarının müdafiəsi və bərpasına yönəlmiş, mühüm əhəmiyyət kəsb edən bir çox qərarlar qəbul edilmişdir. Həmçinin sorğu, müraciət və şikayətlər əsasında qəbul edilən qərarlarda mühüm hüquqi mövqelər formalaşdırılmış, hüquqtətbiqedici orqanların fəaliyyəti üçün hüquqi istiqamətlər müəyyən edilmişdir.

Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit, möhkəm, öz prinsipial mövqeyi olan bir ölkədir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha da sıx inteqrasiyasını təmin edib.

Müasir beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan ölkəmiz bir sıra mühüm tədbirlərə uğurla evsahibliyi edir. Bu il martın 2-də Bakıda daha bir mötəbər beynəlxalq əhəmiyyətli tədbir keçirildi. Belə ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü Bakıda təşkil edildi. Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-cu ildə üç il müddətinə Təşkilata sədrliyə başladı. Hərəkata üzv dövlətlərin yekdil istəyi və qərarı ilə bu müddət daha bir il uzadıldı. Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edərək qeyd etmişdir: "Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir".

Bu gün Azərbaycan qalib ölkə kimi nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Şanlı və tarixi qələbəyə gedən olduqca çətin və mürəkkəb yolun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin ölkənin ərazi bütövlüyünü qorumaq, ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində qarşıya qoyduğu ən əsas vəzifələrindən biri Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi idi. Məhz ulu öndərin qətiyyəti nəticəsində 1994-cü il may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olunmuş, nəticədə hərbi əməliyyatlar dayandırılmışdır.

1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ulu öndər münaqişənin həlli istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Dünya dövlətlərinin başçıları ilə danışıqlarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycana qarşı təcavüzün aradan qaldırılması məsələsini diqqət mərkəzinə çəkən ümummilli lider münaqişənin əsl mahiyyəti, hərbi təcavüz nəticəsində ölkənin düşdüyü ağır vəziyyət, eyni zamanda doğma yurdlarından qovulan insanların ağır şəraitdə yaşadıqları barədə dünya ictimaiyyətini məlumatlandıraraq bu münaqişənin ədalətli həllinə çalışdı. Bu məqsədlə ulu öndər Heydər Əliyev müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış, silahlı qüvvələrin peşəkar mütəxəssislərlə, qabaqcıl hərbi texnika ilə təchiz edilməsi istiqamətində mühüm addımlar atmışdır.

Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə nail olmaq idi. Ümummilli liderin bu arzusunu və vəsiyyətini Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.

Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti və ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində əzəli və tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Qazanılan parlaq Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə daxil oldu. Uzun illər boyu xalqımız bu tarixi ədalətin bərpa edilməsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və bu müharibədə qazanılan tarixi Qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu, Ordumuzun gücünü əyani şəkildə göstərdi. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik siyasəti nəticəsində ərazi bütövlüyümüzün təmin edilməsi, eyni zamanda Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu da qat-qat yüksəltdi. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bu qələbə nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, nəticədə vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün də hüquqi zəmin yarandı.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda əsaslı bərpa-quruculuq işləri geniş vüsət alıb. Bu ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması qarşıda duran ən əsas strateji istiqamətlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə düşmən işğalından azad edilmiş şəhər və rayonlarımızda irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Həyata keçirilən bərpa-quruculuq işləri əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzura yerli sakinlərin qayıdışının əsasını qoyub.

Həyata keçirilən bərpa və yenidənqurma işləri Qarabağın iqtisadi imkanlarının yüksək səviyyəyə çatdırılaraq Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya edilməsinə imkan yaradacaq. Bu isə öz növbəsində bütövlükdə ölkə iqtisadiyyatının inkişafına təsir edərək Azərbaycanın siyasi-iqtisadi mövqeyini daha da möhkəmləndirəcəkdir.

Yaradıcısı ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi isə qarşısında duran vəzifələri tam məsuliyyəti ilə icra etməklə səlahiyyətləri çərçivəsində ölkəmizin dinamik inkişafına öz töhfəsini verməyə daim çalışacaqdır.


Rauf Quliyev,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin Aparat rəhbəri.