17.03.2023
Xalqımızın
ümummilli lideri, dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyev Azərbaycan və
dünya tarixində silinməz iz qoymuş şəxsiyyətlərdəndir. Müstəqil Azərbaycan dövlətinin
memarı Heydər Əliyev bizim hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə
xatırlayacağımız dahi liderdir. Ümummilli liderin 100 illik yubileyi ərəfəsində
müasir tariximizin olduqca mühüm səhifələrini təşkil edən misilsiz xidmətləri dərin
ehtiramla ölkəmizin hər yerində, eyni zamanda onun hüdudlarından kənarda geniş
şəkildə qeyd olunur.
Ulu öndər
Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
imzalanan 2022-ci il 29 sentyabr tarixli Sərəncamla Azərbaycan Respublikasında
2023-cü il "Heydər Əliyev İli" elan olunub. Sərəncamda qeyd
edilmişdir: "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti,
onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs
mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
İstənilən
liderin dahiliyi, böyüklüyü yaşadığı dövrdə gördüyü işlərin əhəmiyyəti həmçinin
bu fəaliyyətin gələcəyə təsiri ilə müəyyən edilir. Bütün varlığı ilə öz doğma Vətəninə
və xalqına bağlı olan dünyaşöhrətli siyasətçi Heydər Əliyev adını əbədi olaraq
müasir tariximizə həkk etmiş, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi
nümunəsi yaratmışdır.
1991-ci
ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edilsə də, ölkədə ictimai-siyasi
qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə və anarxiya hökm sürürdü. İqtisadi
və siyasi böhran getdikcə dərinləşmiş, iqtisadiyyat dağıdılmış, insanların
yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüşdü. Digər tərəfdən, Ermənistanın
Azərbaycana qarşı davam edən təcavüzkar müharibəsi ölkədəki gərgin vəziyyəti
daha da pisləşdirmiş, dövlətin dağılması, parçalanması təhlükəsi yaranmış,
sözün əsl mənasında hakimiyyət boşluğu meydana gəlmişdi.
Belə bir
ağır və mürəkkəb vəziyyətdə ölkəmiz qarşısında həlli kifayət qədər vacib olan
mühüm vəzifələr dayanmışdı. Belə ki, yeni idarəçilik sisteminin
formalaşdırılması, dövlətin xarici siyasət kursunun müəyyənləşdirilməsi, yeni
qanunvericilik bazasının və milli iqtisadi modelin yaradılması və onun tətbiqi,
milli ideoloji dəyərlərin bərpa edilməsi mühüm vəzifələrdən idi.
Qarşıda
dayanan taleyüklü məsələləri həll etmək üçün xalqın geniş təbəqəsinin inandığı
liderin olması zəruri idi. Lakin müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik
edən dairələrin xalq arasında nüfuzu yox idi. Azərbaycanın ən çətin və ağır
zamanında böyük xilaskara, müdrik şəxsiyyətə, sözün əsl mənasında liderə
ehtiyac yaranmışdı. Məhz belə bir zamanda xalqın tələbi ilə ulu öndər Heydər
Əliyev Bakıya dəvət olundu. Hər zaman xalqı ilə bir olan ümummilli lider
1993-cü ilin iyun ayında Bakıya gəldikdən dərhal sonra ölkədə yaranmış vətəndaş
müharibəsinin qarşısını almaq və bununla da sabitliyi bərqərar etmək üçün mühüm
addımlar atdı.
Xalqın təkidli
istəyi və tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlət müstəqilliyinin möhkəmləndirilməsini,
xalqın birliyinin təmin olunmasını və ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş
üçün zəmin yaradılmasını prioritet istiqamətlər kimi müəyyənləşdirdi.
Eyni
zamanda o dövrdə ən əsas məsələlərdən biri də zamanın tələblərinə cavab verən
yeni qanunvericilik bazasının yaradılması idi. Belə ki, SSRİ-dən miras qalmış
hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun
aliliyinə, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin
gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə
yeni, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq, məhkəmə və
qanunvericilik sisteminin formalaşdırılmasını tələb edirdi. Bunun üçün isə qanunvericilik
bazasının əsasını təşkil edən müstəqil dövlətin yeni Konstitusiyasının qəbul
edilməsi artıq bir zərurətə çevrilmişdi.
Müstəqil
Azərbaycan dövlətinin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi ulu
öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindəndir.
Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni
bilavasitə öz üzərinə götürən ümummilli lider bununla bağlı yaradılmış
Komissiyaya şəxsən rəhbərlik etmişdir. Yeni Konstitusiya layihəsini hazırlayan
Komissiyanın 1995-ci il avqustun 16-da keçirilən iclasında çıxışı zamanı ulu
öndər demişdir: "Bu gün mən tam qətiyyətlə deyirəm və bütün dünyaya bəyan
edirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün Azərbaycan
Respublikasını öz tutduğu yol ilə - demokratiya yolu ilə aparmaq üçün biz ciddi
iş görmüşük, böyük addım atmışıq və bununla da müstəqil dövlətimizin hansı
yolla getdiyini dünyaya bir daha sübut edirik".
Müstəqil
dövlətin ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin
başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi
sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət
ideyalarının olması ilə səciyyələnir. Müəllifi ulu öndər Heydər Əliyev olan
Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər
geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının
demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət,
insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu,
hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli
qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar
Konstitusiyada öz əksini tapmışdır.
Dövlət və
cəmiyyətin Əsas Qanunu olması ilə bərabər, ölkədə gedən ictimai inkişaf və
sosial-iqtisadi dəyişikliklər, həmçinin qloballaşan dünya tələbləri
Konstitusiyanın özünün mətnində də dövrün nəbzinə uyğun əlavə və dəyişikliklərin
edilməsini tələbata çevirdi. Belə ki, Əsas Qanunun mətninə 2002-ci il 24
avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş
referendumlar nəticəsində əhəmiyyətli əlavə və dəyişikliklər edilmiş və bu əlavə
və dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha
da təkmilləşdirilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin inkişaf
etdirilməsinə yönəlmişdir.
Qeyd
edilməlidir ki, Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm
yeniliklərdən biri də hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə
cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılması oldu. Əsas Qanunun qəbulundan
sonra ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə müstəqil
məhkəmə hakimiyyətinin yaradılmasına yönələn qanunvericilik bazası formalaşmış,
hər kəsin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi üçün çoxpilləli
məhkəmə sistemi yaradılmışdır.
Eyni
zamanda 1995-ci ildə qəbul edilən Əsas Qanunun xüsusiyyətlərindən biri də ölkəmizdə
yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq konstitusiya nəzarəti
orqanı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis edilməsi oldu.
1998-ci il iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
Konstitusiya Məhkəməsinin hakimlərinin təyin edilməsi və həmin il iyulun 18-də
ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərin
hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi
fəaliyyətə başladı.
Müasir
dövrdə konstitusiya nəzarəti institutu Əsas Qanunun aliliyinin təmin edilməsinin,
insan hüquq və azadlıqlarının müdafiəsinin mühüm dövlət mexanizmlərindən biri
qismində çıxış edir. Ölkəmizdə Konstitusiya Məhkəməsi simasında konstitusiya nəzarəti
orqanının fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin
edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi məhz
ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Konstitusiya
Məhkəməsinin səlahiyyətləri Əsas Qanunun 130-cu maddəsində öz əksini tapmışdır.
Qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının, bələdiyyə
və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə digər aktlara
uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən
biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın
aliliyini təmin edir.
Konstitusiya
Məhkəməsinin digər mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və
qanunların şərhidir. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhin əsas məqsədi
Konstitusiya və qanunların müvafiq müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin
aradan qaldırılması, eyni zamanda bu müddəaların həqiqi mənasının və məzmununun
müəyyən edilməsidir. Konstitusiya Məhkəməsi bu səlahiyyətini Azərbaycan
Respublikası Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin,
Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və məhkəmələrin
müraciətləri əsasında həyata keçirir. Konstitusiya Məhkəməsi tərəfindən qəbul
edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar
xüsusi çəkiyə malikdir.
Qeyd
edilməlidir ki, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin "Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası
Qanununun 29.1-ci maddəsinə şamil edilməsinə dair müvafiq şərhin verilməsi üçün
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət
etmişdir.
Milli
qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə verilən sorğu ilə bağlı
Konstitusiya Məhkəməsinin Plenumu 2000-ci il 28 avqust tarixli Qərarında qeyd
etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş şəxsin
hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi aktın geriyə qüvvəsinin təminatı
hüququn bütün sahələrini əhatə edir və qəbul olunan normativ-hüquqi aktlara, o
cümlədən "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında" Azərbaycan Respublikasının Qanununa da şamil olunur.
Qərarda həmçinin
qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin sorğusunda qaldırılan
məsələ seçkilərdə Konstitusiyada nəzərdə tutulmuş hüquq və təminatların bərqərar
olunmasına yönəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu adıçəkilən qərarında belə qənaətə gəlmişdir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan
Respublikası Qanununun 29.1-ci maddəsinin müddəaları yalnız bu Qanunun qüvvəyə
minməsindən sonra Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq
yaranan və müvafiq icra hakimiyyəti orqanından müəyyənləşdirilmiş qeydiyyat şəhadətnaməsi
alan siyasi partiyalara şamil edilir.
Məlum
olduğu kimi, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci
il 24 avqust tarixində keçirilmiş referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər
nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan
130-cu maddəyə V, VI və VII hissələr əlavə edilmiş və nəticədə konstitusiya ədalət
mühakiməsi orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi xeyli
genişləndirilmişdir. Əlavələrə əsasən Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (Ombudsman), məhkəmələr və hər kəs (hüquqi və fiziki şəxslər)
Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişdir.
2002-ci
il 14 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Konstitusiyanın
153-cü maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum Aktının
layihəsini rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi ulu öndərin Əsas Qanuna mütərəqqi əlavə
və dəyişikliklərin edilməsi təşəbbüsünü dəstəkləyərək belə qənaətə gəlmişdir
ki, referendum Aktının layihəsində təklif olunan dəyişikliklər hüquqi nöqteyi-nəzərdən
Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsinə, hər bir şəxsin hüquq
və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəldilmişdir.
Konstitusiya
Məhkəməsi Plenumunun 2002-ci il 21 iyun tarixli Qərarı ilə ölkə başçısı tərəfindən
ünvanlanmış "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin
edilməsi haqqında" referendum Aktının layihəsinə aşağıdakı rəy
verilmişdir: "Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təklifləri xalq hakimiyyəti
və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi
müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin
müddəalarına uyğundur".
Əsas
Qanuna 2002-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra "Konstitusiya Məhkəməsi
haqqında" yeni Qanunun 2004-cü ildən qüvvəyə minməsi ilə Konstitusiya Məhkəməsinin
fəaliyyətində keyfiyyətcə yeni mərhələ başladı. Yeni Qanun layihəsinin
hazırlanması prosesində bir çox xarici ölkələrin mütərəqqi təcrübəsi öyrənilmiş
və bu təcrübədən istifadə edilmişdir. Qəbul edilən Qanunda bir sıra digər müddəalarla
yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi
qaydası və bu müraciətlərə baxılması prosedurları da ehtiva edilmişdir.
Konstitusiya
Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi
nəticəsində hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra
hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından
qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarının bərpa
edilməsi məqsədilə şikayət vermək hüququ əldə etdi. Həmçinin Əsas Qanuna edilən
dəyişikliklərdən sonra məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi
məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının
şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını
pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə
və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada müvafiq məsələlərin həll
edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ əldə etmişdir.
Həyat və təcrübə
göstərdi ki, Əsas Qanuna edilən mütərəqqi əlavə və dəyişikliklər ölkəmizdə
hüquqi cəmiyyətin inkişafı, Konstitusiyada təsbit edilmiş prinsip və dəyərlərin
təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və xüsusilə insanların
hüquq və azadlıqlarının müdafiəsində əlavə dövlət təminatlarının yaradılması
üçün böyük rol oynayır. Konstitusiya Məhkəməsinin yaradılmasının beşinci
ildönümü münasibətilə müraciətində ulu öndər Heydər Əliyev qeyd etmişdir:
"Hazırda biz Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi,
Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq
və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik". Eyni
zamanda ümummilli lider 2002-ci ildə keçirilən referendum nəticəsində
Konstitusiya Məhkəməsinə müraciətlə bağlı Konstitusiyaya edilən dəyişikliklər
ilə əlaqədar qeyd etmişdir ki, vətəndaşların öz hüquqlarının müdafiəsi və bərpası
üçün daha effektiv mexanizm əldə etməsi ilə yanaşı, Konstitusiya Məhkəməsi də
insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal
iştirak etmək imkanı əldə etmişdir.
Ümummilli
liderin Konstitusiya Məhkəməsinin fəaliyyətinə verdiyi bu yüksək qiymət Məhkəmənin
hakimləri və əməkdaşları üçün daim böyük məsuliyyəti nəzərdə tutur.
Bu il Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyidir. Məhkəmənin
fəaliyyət göstərdiyi 25 ili ümumilikdə təhlil edərkən qeyd edilməlidir ki, bu
dövr ərzində insan hüquq və azadlıqlarının müdafiəsi və bərpasına yönəlmiş,
mühüm əhəmiyyət kəsb edən bir çox qərarlar qəbul edilmişdir. Həmçinin sorğu,
müraciət və şikayətlər əsasında qəbul edilən qərarlarda mühüm hüquqi mövqelər
formalaşdırılmış, hüquqtətbiqedici orqanların fəaliyyəti üçün hüquqi istiqamətlər
müəyyən edilmişdir.
Bu gün Azərbaycan
sürətlə inkişaf edən, sabit, möhkəm, öz prinsipial mövqeyi olan bir ölkədir.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan
regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Dövlət başçısının rəhbərliyi
ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata
keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq
aləmə daha da sıx inteqrasiyasını təmin edib.
Müasir
beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan ölkəmiz bir sıra mühüm
tədbirlərə uğurla evsahibliyi edir. Bu il martın 2-də Bakıda daha bir mötəbər
beynəlxalq əhəmiyyətli tədbir keçirildi. Belə ki, Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü Bakıda təşkil
edildi. Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı
ilə 2019-cu ildə üç il müddətinə Təşkilata sədrliyə başladı. Hərəkata üzv dövlətlərin
yekdil istəyi və qərarı ilə bu müddət daha bir il uzadıldı. Qoşulmama Hərəkatına
sədrlik edən Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edərək qeyd
etmişdir: "Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq
hüququ müdafiə etməkdir".
Bu gün Azərbaycan
qalib ölkə kimi nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaşdır.
Şanlı və tarixi qələbəyə gedən olduqca çətin və mürəkkəb yolun əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin ölkənin ərazi
bütövlüyünü qorumaq, ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində qarşıya
qoyduğu ən əsas vəzifələrindən biri Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq
hüququn norma və prinsipləri əsasında həll edilməsi idi. Məhz ulu öndərin qətiyyəti
nəticəsində 1994-cü il may ayının 12-də atəşkəs haqqında razılaşma əldə
olunmuş, nəticədə hərbi əməliyyatlar dayandırılmışdır.
1993-cü
ildə hakimiyyətə qayıtdıqdan sonra ulu öndər münaqişənin həlli istiqamətində
ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Dünya dövlətlərinin başçıları ilə
danışıqlarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycana qarşı təcavüzün
aradan qaldırılması məsələsini diqqət mərkəzinə çəkən ümummilli lider münaqişənin
əsl mahiyyəti, hərbi təcavüz nəticəsində ölkənin düşdüyü ağır vəziyyət, eyni
zamanda doğma yurdlarından qovulan insanların ağır şəraitdə yaşadıqları barədə
dünya ictimaiyyətini məlumatlandıraraq bu münaqişənin ədalətli həllinə çalışdı.
Bu məqsədlə ulu öndər Heydər Əliyev müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını
yaratmış, silahlı qüvvələrin peşəkar mütəxəssislərlə, qabaqcıl hərbi texnika ilə
təchiz edilməsi istiqamətində mühüm addımlar atmışdır.
Heydər
Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, münaqişənin
Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə
nail olmaq idi. Ümummilli liderin bu arzusunu və vəsiyyətini Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və onun rəhbərliyi ilə
rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.
Dövlət
başçısı cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti və ordu quruculuğu
istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində əzəli və tarixi
torpaqlarımız düşmən işğalından azad edildi. Qazanılan parlaq Qələbə Azərbaycanın
tarixinə qızıl hərflərlə daxil oldu. Uzun illər boyu xalqımız bu tarixi ədalətin
bərpa edilməsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və bu müharibədə
qazanılan tarixi Qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu, Ordumuzun
gücünü əyani şəkildə göstərdi. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, əzmkarlığı
və müdrik siyasəti nəticəsində ərazi bütövlüyümüzün təmin edilməsi, eyni
zamanda Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu da qat-qat yüksəltdi. Vətən
müharibəsində qazanılan Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bu qələbə
nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan
azad edilmiş torpaqlarımızda bərpa olundu, nəticədə vətəndaşlarımızın Əsas
Qanunda təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün də hüquqi zəmin yarandı.
Bu gün
işğaldan azad olunmuş torpaqlarımızda əsaslı bərpa-quruculuq işləri geniş vüsət
alıb. Bu ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə
dayanıqlı inkişafına nail olunması qarşıda duran ən əsas strateji istiqamətlərdən
biridir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından
iştirakı ilə düşmən işğalından azad edilmiş şəhər və rayonlarımızda irimiqyaslı
tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Həyata
keçirilən bərpa-quruculuq işləri əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzura
yerli sakinlərin qayıdışının əsasını qoyub.
Həyata
keçirilən bərpa və yenidənqurma işləri Qarabağın iqtisadi imkanlarının yüksək səviyyəyə
çatdırılaraq Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya edilməsinə imkan
yaradacaq. Bu isə öz növbəsində bütövlükdə ölkə iqtisadiyyatının inkişafına təsir
edərək Azərbaycanın siyasi-iqtisadi mövqeyini daha da möhkəmləndirəcəkdir.
Yaradıcısı
ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
isə qarşısında duran vəzifələri tam məsuliyyəti ilə icra etməklə səlahiyyətləri
çərçivəsində ölkəmizin dinamik inkişafına öz töhfəsini verməyə daim
çalışacaqdır.
Rauf
Quliyev,
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin Aparat rəhbəri.