Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib

Xəbərlər

2023 Mar

30.03.2023

Martın 29-da Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilmişdir.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının ölkəmizin hüquqi inkişafının əsas prioritetlərini müəyyən etdiyini qeyd edərək, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu.

Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır. Qeyd olunub ki, dövlət başçısının məhkəmə sistemində kadr islahatlarının və gəncləşmə siyasətinin əsas məqsədi məhkəmələrin çevik fəaliyyəti nəticəsində ədalətli və əsaslı qərarların qəbulunun təmin edilməsinə yönəlib.  

Sədr bildirib ki, hakimlərə ictimai etimadın artırılması bilavasitə onların fəaliyyətindən asılıdır. Həmçinin,  ədalət, qanunçuluq, qərəzsizlik,vicdanlılıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini gənc hüquqşünasların diqqətinə çatdırıb. Vahid məhkəmə təcrübəsinin vacibliyi və bu istiqamətdə ardıcıl fəaliyyət göstərilməsi xüsusi vurğulanmışdır.

Sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gənc hüquqşünaslara ətraflı məlumat verilmiş, qəbul edilən qərarlarda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulmuşdur.

Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri, Aparat rəhbəri və məsul əməkdaşlar iştirak etmişlər.

Görüşün sonunda namizədlər məhkəmə binası ilə tanış olmuşlar.