30.03.2023
Martın 29-da Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış və 1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul edilmiş Azərbaycanın
ilk milli Konstitusiyasının ölkəmizin hüquqi inkişafının əsas prioritetlərini
müəyyən etdiyini qeyd edərək, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna
toxundu.
Vurğulandı ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilmiş məhkəmə-hüquq
islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə
ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır. Qeyd olunub ki,
dövlət başçısının məhkəmə sistemində kadr islahatlarının və gəncləşmə siyasətinin
əsas məqsədi məhkəmələrin çevik fəaliyyəti nəticəsində ədalətli və əsaslı qərarların
qəbulunun təmin edilməsinə yönəlib.
Sədr bildirib
ki, hakimlərə ictimai etimadın artırılması bilavasitə onların fəaliyyətindən
asılıdır. Həmçinin, ədalət, qanunçuluq,
qərəzsizlik,vicdanlılıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl
olunması ilə bağlı tövsiyələrini gənc hüquqşünasların diqqətinə çatdırıb. Vahid
məhkəmə təcrübəsinin vacibliyi və bu istiqamətdə ardıcıl fəaliyyət göstərilməsi
xüsusi vurğulanmışdır.
Sonra Konstitusiya Məhkəməsinin
fəaliyyəti barədə gənc hüquqşünaslara ətraflı məlumat verilmiş, qəbul edilən
qərarlarda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra
məsələlərə toxunulmuşdur.
Görüşdə Konstitusiya Məhkəməsinin
hakimləri, Aparat rəhbəri və məsul əməkdaşlar iştirak etmişlər.
Görüşün sonunda namizədlər məhkəmə
binası ilə tanış olmuşlar.