03.03.2023
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtın 12 rayonunun 60 məktəbi arasında “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadası keçirilib. Olimpiadada ümumilikdə 1200 şagird iştirak edib.
Hüquq
olimpiadasının nəticələrinin elan olunması ilə əlaqədar Bakıdakı 20 saylı
məktəbdə təşkil olunmuş tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və
Aparatının əməkdaşları, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman
Nazirliyinin məsul nümayəndələri, qalib şagirdlər, müəllimlər və valideynlər
iştirak ediblər.
Tədbirdə
əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda
canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Konstitusiya
Məhkəməsinin hakimi Ceyhun Qaracayev, elm və təhsil nazirinin müavini İdris
İsayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək
bildiriblər ki, bu il ölkə ictimaiyyəti müstəqil Azərbaycan dövlətinin
qurucusu, xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyini
böyük ehtiramla qeyd edir. Çıxışlarda Azərbaycanda demokratik dəyərlərin
bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin başlanılmasının
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulanaraq, Ulu
Öndərin həyata keçirdiyi əsaslı islahatların respublikamızı inkişaf yoluna
çıxarmaqla yanaşı, ilk milli Konstitusiyanın hazırlanması və qəbulu üçün şərait
yaratdığı qeyd olunub.
Çıxış
edənlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə hazırlanmış yeni Konstitusiya dövlət quruluşunun əsaslarını müəyyən edərək,
xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olmasını bəyan edib. Azərbaycanın
bugünkü sosial-iqtisadi inkişafının, milli dövlətçiliyimizin möhkəmlənməsinin,
insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən mütərəqqi hüquqi
islahatların əsası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr
xalqın sabaha inamını qat-qat artırıb. Ulu Öndər Heydər Əliyev siyasətinin
uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi
qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu
daha da genişləndirir.
Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin
müdiri Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin
təbrikini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, olimpiadanın
nəticələrini elan edib. Olimpiadanın nəticələrinə əsasən, Xəzər rayonu birinci,
Qaradağ rayonu ikinci, Nizami rayonu isə üçüncü yerə layiq görülüb.
Məktəblilərin yarışında isə birinci yeri Xəzər rayonunun 149 saylı
tam orta məktəbi, ikinci yeri Nizami rayonunun 229 saylı tam orta məktəbi,
üçüncü yeri Xəzər rayonunun 136 saylı tam orta məktəbi tutub.
Sonda hüquq olimpiadasının qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş 170 şagirdə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və hədiyyələr təqdim olunub.