Bakının 12 rayonunun 60 məktəbi arasında hüquq olimpiadası keçirilib

Новости

2023 Mar

03.03.2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtın 12 rayonunun 60 məktəbi arasında “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadası keçirilib. Olimpiadada ümumilikdə 1200 şagird iştirak edib.

Hüquq olimpiadasının nəticələrinin elan olunması ilə əlaqədar Bakıdakı 20 saylı məktəbdə təşkil olunmuş tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatının əməkdaşları, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin məsul nümayəndələri, qalib şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, elm və təhsil nazirinin müavini İdris İsayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək bildiriblər ki, bu il ölkə ictimaiyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük ehtiramla qeyd edir. Çıxışlarda Azərbaycanda demokratik dəyərlərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin başlanılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulanaraq, Ulu Öndərin həyata keçirdiyi əsaslı islahatların respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, ilk milli Konstitusiyanın hazırlanması və qəbulu üçün şərait yaratdığı qeyd olunub.

Çıxış edənlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiya dövlət quruluşunun əsaslarını müəyyən edərək, xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olmasını bəyan edib. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, milli dövlətçiliyimizin möhkəmlənməsinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən mütərəqqi hüquqi islahatların əsası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha inamını qat-qat artırıb. Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu daha da genişləndirir.

Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin təbrikini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, olimpiadanın nəticələrini elan edib. Olimpiadanın nəticələrinə əsasən, Xəzər rayonu birinci, Qaradağ rayonu ikinci, Nizami rayonu isə üçüncü yerə layiq görülüb.

Məktəblilərin yarışında isə birinci yeri Xəzər rayonunun 149 saylı tam orta məktəbi, ikinci yeri Nizami rayonunun 229 saylı tam orta məktəbi, üçüncü yeri Xəzər rayonunun 136 saylı tam orta məktəbi tutub.

Sonda hüquq olimpiadasının qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş 170 şagirdə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və hədiyyələr təqdim olunub.