Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix ilə görüş olub

Xəbərlər

2023 Mar

02.03.2023

Martın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev  Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix ilə görüşüb.

Görüşdə Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verərək, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli hüquq əməkdaşlığının vacibliyini qeyd edərək ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələri, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın və həmin məhkəmənin presedent hüququnun əhəmiyyəti vurğulanmışdır.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və qarşılıqlı anlaşma əsasında həyata keçirilən bir sıra layihələr haqqında məlumat vermiş, bu əməkdaşlığın məhkəmə-hüquq sahəsində daha da genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırmışdır. O, gələcəkdə də Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olacağına ümid etdiyini  və qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu vurğulamışdır.

Sonda sədr qurumlar arasında səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd etmiş və Petr Zixə ölkəmizdəki fəaliyyətində uğurlar arzulamışdır.