06.02.2023
Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
İclasda
Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 17, 18.2-ci və 18.3-cü maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin
nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin hakimi E.Xasməmmədovun və Milli Məclis
Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir
müavini S.Sultanovun, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının və
Aparatının Hüquqi Təminat şöbəsinin, Vəkillər Kollegiyası Rəyasət Heyətinin,
Bakı Apellyasiya Məhkəməsinin hakimi E.Rəhimovun və Baş Prokurorluğun Hüquqi təminat
və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının müəllimi G.Cəbinin rəyini və işin materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin
mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin
18.2-ci maddəsi ilə ehtiva olunan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata
keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli
şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli
şəxs) məsuliyyətə cəlb edilə bilər.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.