Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2-ci və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

News

2023 Feb

06.02.2023

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2-ci və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin hakimi E.Xasməmmədovun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Sultanovun, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının və Aparatının Hüquqi Təminat şöbəsinin, Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi E.Rəhimovun və Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi G.Cəbinin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva olunan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.