Konstitusiya Məhkəməsinin sədri Beynəlxalq Konqresdə iştirak edib

Xəbərlər

2022 Dec

26.12.2022

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin konstitusiya nəzarət orqanlarının Konqresində iştirak etmək üçün İstanbulda işgüzar səfərdə olub.

Dolmabağça sarayında keçirilmiş Konqresdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi söyləyib.

Tədbirin birinci sessiyası əsas hüquqların müdafiəsində yuxarı instansiya məhkəmələrinin roluna, ikinci sessiyası isə İslam ölkələrində konstitusiya nəzarətinin müxtəlif modellərinə həsr olunub.

Konqresdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının konstitusiya ədalət mühakiməsi yolu ilə təmin olunmasından söz açıb, İslam ölkələri arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Konqres zamanı İşçi Komitə tərəfindən hazırlanmış Nizamnamə qəbul edilib.

Sonda qəbul edilmiş İstanbul Bəyannaməsində qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Konstitusiya məhkəmələri arasında təcrübə və məlumat mübadiləsini həyata keçirərək yeni təsisatın yaradılması və onun “İslam Dünyasının Konstitusiya Yurisdiksiyaları Konfransı” adlandırılması razılaşdırılıb.

Həmçinin Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) iclası keçirilib.

Səfər çərçivəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi ilə ikitərəfli işgüzar görüşlər keçirilib, məhkəmə təcrübəsi və qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirlərdə, həmçinin Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak edib.