26.12.2022
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə
heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın dəvəti
ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin konstitusiya nəzarət
orqanlarının Konqresində iştirak etmək üçün İstanbulda işgüzar səfərdə olub.
Dolmabağça sarayında
keçirilmiş Konqresdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
açılış nitqi söyləyib.
Tədbirin birinci sessiyası əsas
hüquqların müdafiəsində yuxarı instansiya məhkəmələrinin roluna, ikinci
sessiyası isə İslam ölkələrində konstitusiya nəzarətinin müxtəlif modellərinə həsr
olunub.
Konqresdə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək
ölkəmizdə insan hüquq və azadlıqlarının konstitusiya ədalət mühakiməsi yolu ilə
təmin olunmasından söz açıb, İslam ölkələri arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın
əhəmiyyətini vurğulayıb.
Konqres zamanı İşçi Komitə tərəfindən
hazırlanmış Nizamnamə qəbul edilib.
Sonda qəbul edilmiş İstanbul Bəyannaməsində
qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə
Konstitusiya məhkəmələri arasında təcrübə və məlumat mübadiləsini həyata keçirərək
yeni təsisatın yaradılması və onun “İslam Dünyasının Konstitusiya
Yurisdiksiyaları Konfransı” adlandırılması razılaşdırılıb.
Həmçinin Türk Dövlətləri Təşkilatına
Üzv Dövlətlərin Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) iclası
keçirilib.
Səfər çərçivəsində Türkiyə
Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi
ilə ikitərəfli işgüzar görüşlər keçirilib, məhkəmə təcrübəsi və qarşılıqlı məhkəmə-hüquq
əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirlərdə, həmçinin Azərbaycanın
İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak edib.