Konstitusiya Məhkəməsində Zəfər Günü qeyd edilib

Xəbərlər

2022 Nov

05.11.2022

Noyabrın 5-də Konstitusiya Məhkəməsində Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfər tarixi əhəmiyyət daşıyır.

Vurğulanıb ki, xalqımız ötən müddətdə hər an Zəfər müjdəsi gözləyib və bu gün hər birimiz müasir Azərbaycan tarixinin fəxarətli günlərini yaşayırıq.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti və beynəlxalq hüquq normalarının prinsiplərini bərpa etdi.

Sədr vurğulayıb ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsi, həmçinin 5 şəhər, 4 qəsəbə və bir sıra strateji yüksəkliklər işğaldan azad edildi. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə də yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi və ölkəmizin Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Bu tarixi sənəd Azərbaycan dövlətinin Qələbəsini bəyan etdi.

Birinci Qarabağ müharibəsindən ötən dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti və müdafiə məsələləri ilə bağlı mühüm addımlar atıldı, bu proses dövlətin prioritet məsələsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin müdrik diplomatik addımları sayəsində əldə edilmiş müvəqqəti atəşkəs iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı, o cümlədən ordu quruculuğu siyasətini uğurla davam etdirmək üçün zəruri şərait yaratdı.

8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının nümunəsidir. Azərbaycanın əzəli torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtardı və onu qalib xalqa çevirdi. Qüdrətli Azərbaycan haqq səsini dünya ictimaiyyətinə çatdıraraq, yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, ədalətin və beynəlxalq hüququn bərpasını qətiyyətlə dünyaya nümayiş etdirdi.

Tədbirdə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasını təmin etdi.

Diqqətə çatdırılıb ki, 2020-ci il dekabrın 8-də Prezident İlham Əliyev “YAŞAT” Fondunun yaradılması ilə bağlı Fərman imzaladı. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunur, onlara xüsusi həssaslıq və qayğı göstərilir.

Daha sonra sədr diqqətə çatdırıb ki, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində azad olunan ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, mühüm layihələr reallaşdırılır. Dövlətimizin başçısı bu ərazilərdə strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti işlərinin gedişini, yüksək texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu bərpa-quruculuq işləri Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini, qurub-yaratmaq əzmini bütün dünyaya nümayiş etdirir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının rəsmi açılışı isə azad olunmuş bölgələrə yeni həyat bəxş etdiyini, həmin ərazilərin dünyaya öz qapılarını açmağa hazır olduğunu nümayiş etdirib. Dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan-Türkiyə qardaşlığının hərbi və strateji əməkdaşlığının parlaq göstəricisidir.

Həmçinin qeyd edilib ki, Konstitusiya Məhkəməsinin nümayəndə heyətləri iştirak etdikləri beynəlxalq tədbirlərdə, xarici həmkarları ilə görüşlərdə ərazilərimizin işğaldan azad olunması, işğal dövründə törədilmiş dağıntılar, ölkəmizə qarşı həyata keçirilmiş təxribatlar, azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirklənməsi, hərbçilərimizin və mülki əhalinin minaların qurbanı olması barədə məlumatları nəzərə çatdırır. Ərazilərimizin minadan təmizlənməsi üçün beynəlxalq dəstəyə ehtiyac olduğu və Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməsinin vacibliyi vurğulanır.

Tədbirin sonunda Fərhad Abdullayev bildirib ki, ölkəmiz tarixinin heç bir mərhələsində görülməyən uğura imza ataraq, siyasi və hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Prezident birliyi oldu. Xalqımız ölkə rəhbərinin ətrafında yumruq kimi birləşərək, ona və ordumuza böyük dəstək nümayiş etdirdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə yerinə yetirərək düşmənə ağır zərbələr endirdi, onların çoxlu sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edərək, heyrətamiz Qələbəyə imza atdı. Dünya hərb tarixinə parlaq hərflərlə yazılan Vətən müharibəsində qazanılan Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Sədr Zəfər Günü, həmçinin qarşıdan gələn Dövlət Bayrağı Günü, eləcə də Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Konstitusiya Məhkəməsinin kollektivini bir daha təbrik edərək qeyd edib ki, bu gün Azərbaycan Bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və bu bayraq daim həmin ərazilərdə dalğalanacaq.