05.11.2022
Noyabrın 5-də Konstitusiya
Məhkəməsində Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Vətən müharibəsi
şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, 44 günlük Vətən müharibəsi
nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu,
dövlətimizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqının və dövlətinin
qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfər tarixi əhəmiyyət daşıyır.
Vurğulanıb ki, xalqımız ötən
müddətdə hər an Zəfər müjdəsi gözləyib və bu gün hər birimiz müasir Azərbaycan
tarixinin fəxarətli günlərini yaşayırıq.
Azərbaycan Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında misilsiz
uğura imza ataraq tarixi ədaləti və beynəlxalq hüquq normalarının prinsiplərini
bərpa etdi.
Sədr vurğulayıb ki, dövlətimizin
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən müasir
silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Azərbaycan Ordusunun həyata
keçirdiyi hərbi əməliyyatlar nəticəsində 44 gün ərzində 300-ə yaxın yaşayış
məntəqəsi, həmçinin 5 şəhər, 4 qəsəbə və bir sıra strateji yüksəkliklər
işğaldan azad edildi. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi
müstəvidə də yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində
2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur
edildi və ölkəmizin Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Bu
tarixi sənəd Azərbaycan dövlətinin Qələbəsini bəyan etdi.
Birinci Qarabağ müharibəsindən ötən
dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu
siyasəti və müdafiə məsələləri ilə bağlı mühüm addımlar atıldı, bu proses
dövlətin prioritet məsələsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin müdrik
diplomatik addımları sayəsində əldə edilmiş müvəqqəti atəşkəs iqtisadiyyatın
dirçəlməsi və sürətli inkişafı, o cümlədən ordu quruculuğu siyasətini uğurla
davam etdirmək üçün zəruri şərait yaratdı.
8 Noyabr Zəfəri Müzəffər Ali Baş
Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Rəşadətli
Azərbaycan Ordusunun yüksək döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və
peşəkarlığının nümunəsidir. Azərbaycanın əzəli torpağı olan Qarabağın və Şərqi
Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət
acısından qurtardı və onu qalib xalqa çevirdi. Qüdrətli Azərbaycan haqq səsini
dünya ictimaiyyətinə çatdıraraq, yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi,
humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, ədalətin və beynəlxalq hüququn
bərpasını qətiyyətlə dünyaya nümayiş etdirdi.
Tədbirdə vurğulanıb ki, ulu öndər
Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının
hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu. İşğal
altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya
hüquqlarının bərpasını təmin etdi.
Diqqətə çatdırılıb ki, 2020-ci il
dekabrın 8-də Prezident İlham Əliyev “YAŞAT” Fondunun yaradılması ilə bağlı
Fərman imzaladı. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi
əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi
istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq
platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai
nəzarətin təmin edilməsidir.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial
dəstək tədbirləri ilə əhatə olunur, onlara xüsusi həssaslıq və qayğı
göstərilir.
Daha sonra sədr diqqətə çatdırıb ki,
Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində azad olunan ərazilərdə bu
gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, mühüm layihələr
reallaşdırılır. Dövlətimizin başçısı bu ərazilərdə strateji obyektlərin,
müəssisələrin təməlini qoyur, tikinti işlərinin gedişini, yüksək
texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu bərpa-quruculuq
işləri Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik
məharətini, qurub-yaratmaq əzmini bütün dünyaya nümayiş etdirir.
Qeyd edilib ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli və Zəngilan Beynəlxalq
Hava limanlarının rəsmi açılışı isə azad olunmuş bölgələrə yeni həyat bəxş etdiyini,
həmin ərazilərin dünyaya öz qapılarını açmağa hazır olduğunu nümayiş etdirib.
Dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsinin imzalanması isə Azərbaycan-Türkiyə qardaşlığının hərbi və
strateji əməkdaşlığının parlaq göstəricisidir.
Həmçinin qeyd edilib ki,
Konstitusiya Məhkəməsinin nümayəndə heyətləri iştirak etdikləri beynəlxalq
tədbirlərdə, xarici həmkarları ilə görüşlərdə ərazilərimizin işğaldan azad
olunması, işğal dövründə törədilmiş dağıntılar, ölkəmizə qarşı həyata
keçirilmiş təxribatlar, azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla
çirklənməsi, hərbçilərimizin və mülki əhalinin minaların qurbanı olması barədə
məlumatları nəzərə çatdırır. Ərazilərimizin minadan təmizlənməsi üçün
beynəlxalq dəstəyə ehtiyac olduğu və Ermənistan tərəfindən minalanmış
ərazilərin xəritələrinin verilməsinin vacibliyi vurğulanır.
Tədbirin sonunda Fərhad Abdullayev
bildirib ki, ölkəmiz tarixinin heç bir mərhələsində görülməyən uğura imza
ataraq, siyasi və hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu müharibədə ən
əsas məqamlardan biri Xalq-Prezident birliyi oldu. Xalqımız ölkə rəhbərinin
ətrafında yumruq kimi birləşərək, ona və ordumuza böyük dəstək nümayiş etdirdi.
Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında Ali Baş Komandanın əmrlərini
şərəflə yerinə yetirərək düşmənə ağır zərbələr endirdi, onların çoxlu sayda
hərbi texnikasını və canlı qüvvəsini məhv edərək, heyrətamiz Qələbəyə imza
atdı. Dünya hərb tarixinə parlaq hərflərlə yazılan Vətən müharibəsində
qazanılan Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Sədr Zəfər Günü, həmçinin qarşıdan
gələn Dövlət Bayrağı Günü, eləcə də Azərbaycan Respublikasının Konstitusiya
Günü münasibətilə Konstitusiya Məhkəməsinin kollektivini bir daha təbrik edərək
qeyd edib ki, bu gün Azərbaycan Bayrağı işğaldan azad edilmiş bölgələrdə
ucaldılıb və bu bayraq daim həmin ərazilərdə dalğalanacaq.