Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Xəbərlər

2022 Jul

20.07.2022

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin hakimi N.Mirzəyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, Azərbaycan Notariat Palatasının mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru F.Mirzəyevanın rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın əşya üzərində mülkiyyət hüquqlarından imtina etməsinə dair razılaşmanın qadağan edilməsini ehtiva edir.

İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir.

İpoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.