20.07.2022
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Şirvan Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci və 31.1-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri
Şirvan Apellyasiya Məhkəməsinin hakimi N.Mirzəyev və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası
Mərkəzi Bankının, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun,
Azərbaycan Notariat Palatasının mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru S.Süleymanlının və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə
doktoru F.Mirzəyevanın rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək
qərar qəbul edib.
Qərarda deyilir ki, Mülkiyyət
hüququnun toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 312.4-cü maddəsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən
ipoteka qoyanın əşya üzərində mülkiyyət hüquqlarından imtina etməsinə dair
razılaşmanın qadağan edilməsini ehtiva edir.
İpoteka müqaviləsi üzrə
ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin
olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka
saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi
haqqında əqdin etibarsızlığını müəyyən edir.
İpoteka saxlayanın ipoteka
predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə
qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka
qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.