Sədr Fərhad Abdullayevin başçılıq etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Türkiyə Konstitusiya Məhkəməsinin yaradılmasının 60 illiyi münasıbəti ilə keçırilən yubiley tədbirlərində iştirak edib.

Xəbərlər

2022 Apr

27.04.2022

Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü ilə əlaqədar keçirilən yubiley tədbirində Azərbaycanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edilmişdirir.

Aprel ayının 25-də əlamətdar tarixlə əlaqədar Ankarada "Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiyanın şərhi" mövzusunda beynəlxalq simpozium işə başlamışdır.

Tədbirə qatılan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Konstitusiya Məhkəməsinin tarixini əks etdirən qalereyanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

İki gün davam etmiş konfransda Azərbaycan da daxil olmaqla, 30-dan çox ölkənin Konstitusiya məhkəmələrinin sədrləri və üzvləri, nüfuzlu beynəlxalq qurumların rəhbərləri iştirak ediblər.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan rəhbərlik etdiyi qurumun keçdiyi yol və əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Simpoziumda çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Konstitusiya Məhkəməsini dünyada bu sahədə fəaliyyət göstərən ən köklü, əsaslı dəyərlərə sahib olan qurumlardan biri kimi səciyyələndirib.

Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında ətraflı məlumat verib, simpoziumun beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Yubiley mərasiminin açılışında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.

Aprel ayının 26-da Türkiyə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda davam edən tədbirdə “Konstitusiya ədalət mühakiməsi orqanları arasında əməkdaşlığın əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə iştirakçı ölkələrin konstitusiya məhkəmələri orqanlarının əsas fəaliyyət istiqamətləri və məhkəmə-hüquq əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Konfransda çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın dost və qardaş Türkiyə Respublikası, habelə digər xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə daima təcrübə mübadiləsi apardığını diqqətə çatdırıb.

Bildirilib ki, 1998-ci ildən işə başlayan Azərbaycan Konstitusiya Məhkəməsi öz fəaliyyətini konstitusiya ədalət mühakiməsinin vasitəsilə həyata keçirir.

Həmçinin diqqətə çatdırılıb ki, Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının yaradılması türkdilli ölkələr arasında məhkəmə-hüquq əməkdaşlığı üçün səmərəli platforma kimi çıxış edəcək.

Tədbir konstitusiya nəzarəti orqanlarını arasında əlaqələrin inkişafı barədə fikir mübadilələri ilə davam etdirilib.

Səfər zamanı Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi ilə ikitərəfli görüş keçirilmişdir.