27.04.2022
Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı
ildönümü ilə əlaqədar keçirilən yubiley tədbirində Azərbaycanı Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edilmişdirir.
Aprel ayının 25-də əlamətdar tarixlə əlaqədar Ankarada
"Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiyanın şərhi"
mövzusunda beynəlxalq simpozium işə başlamışdır.
Tədbirə qatılan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə
Konstitusiya Məhkəməsinin tarixini əks etdirən qalereyanın rəmzi açılışını
bildirən qırmızı lenti kəsib.
İki gün davam etmiş konfransda Azərbaycan da daxil olmaqla, 30-dan
çox ölkənin Konstitusiya məhkəmələrinin sədrləri və üzvləri, nüfuzlu beynəlxalq
qurumların rəhbərləri iştirak ediblər.
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan rəhbərlik
etdiyi qurumun keçdiyi yol və əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat
verib.
Simpoziumda çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev Türkiyə Konstitusiya Məhkəməsini dünyada bu sahədə fəaliyyət
göstərən ən köklü, əsaslı dəyərlərə sahib olan qurumlardan biri kimi səciyyələndirib.
Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında ətraflı məlumat verib,
simpoziumun beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Yubiley mərasiminin açılışında Azərbaycanın Türkiyədəki səfiri
Rəşad Məmmədov da iştirak edib.
Aprel ayının 26-da Türkiyə Konstitusiya Məhkəməsinin
yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda davam edən tədbirdə “Konstitusiya
ədalət mühakiməsi orqanları arasında əməkdaşlığın əhəmiyyəti” mövzusunda dəyirmi
masa keçirilib.
Tədbirdə iştirakçı ölkələrin konstitusiya məhkəmələri
orqanlarının əsas fəaliyyət istiqamətləri və məhkəmə-hüquq əməkdaşlığı ətrafında
müzakirələr aparılıb.
Konfransda çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev Azərbaycanın dost və qardaş Türkiyə Respublikası, habelə digər
xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə daima təcrübə mübadiləsi
apardığını diqqətə çatdırıb.
Bildirilib ki, 1998-ci ildən işə başlayan Azərbaycan
Konstitusiya Məhkəməsi öz fəaliyyətini konstitusiya ədalət mühakiməsinin vasitəsilə
həyata keçirir.
Həmçinin diqqətə çatdırılıb ki, Türk Dövlətləri Konstitusiya
Məhkəmələrinin Konfransı Təşkilatının yaradılması türkdilli ölkələr arasında məhkəmə-hüquq
əməkdaşlığı üçün səmərəli platforma kimi çıxış edəcək.
Tədbir konstitusiya nəzarəti orqanlarını arasında əlaqələrin
inkişafı barədə fikir mübadilələri ilə davam etdirilib.
Səfər zamanı Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi ilə ikitərəfli görüş keçirilmişdir.