02.02.2022
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Azərbaycan Respublikası
Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının
128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası
Qanununun 100-cü, 101-ci maddələri və Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin -
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi
A.Osmanovanın və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi
qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin və mütəxəssislər Ali Məhkəmənin
Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri
F.Abbasovanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 128-ci maddəsinin II hissəsinin mənasına görə,
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin cinayət təqibinin həyata keçirilməsinə razılıq
verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı hakim barəsində cinayət
təqibinin həyata keçirilməsini istisna edir.
Bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq, Azərbaycan Respublikası
Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə
(təqdimatın rədd edilməsinə) dair qərarı əsasında Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci və 53.3-cü maddələri ilə nəzərdə
tutulmuş qaydada dayandırılmış cinayət təqibi üzrə icraata xitam verilməsinin
tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 295-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə ədalətsiz hökm,
qətnamə, qərardad və qərar çıxarma halları istisna olmaqla, hakim həm
səlahiyyəti dövründə, həm də səlahiyyətinə xitam verildikdən sonra
fəaliyyətinə, qəbul etdiyi qərarlarda ifadə etdiyi mövqelərə, səsverməyə,
söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna, ondan bu hallarla əlaqədar
izahat, ifadə tələb edilə bilməz.
Hakimin səlahiyyətlərinə xitam
verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən
cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna
olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və
bu zaman Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.