Konstitusiya Məhkəməsinin Plenumu AR Konstitusiyasının 128 m. “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 100, 101 m. və AR CPM 53.1.5 m. ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Новости

2022 Feb

02.02.2022

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin və mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri F.Abbasovanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin II hissəsinin mənasına görə, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı hakim barəsində cinayət təqibinin həyata keçirilməsini istisna edir.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada dayandırılmış cinayət təqibi üzrə icraata xitam verilməsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma halları istisna olmaqla, hakim həm səlahiyyəti dövründə, həm də səlahiyyətinə xitam verildikdən sonra fəaliyyətinə, qəbul etdiyi qərarlarda ifadə etdiyi mövqelərə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.