28.09.2021
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya
icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Gəncə Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
39-cu, 40-cı və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Gəncə
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Milli
Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin
İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər - Ali
Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun və Baş Prokurorluğun
Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın
mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor
F.Abbasovanın və Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq
üzrə elmlər doktoru A.Rüstəmzadənin rəylərini və işin materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II
hissəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu,
40.2-ci, 43.3-cü, 299-cu və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş
hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə
müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.
Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin “cinayət qanunu
müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə
qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.