Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası CM-nin 74-cü mad. və Azərbaycan Respublikası CPM-nin 39-cu, 40-cı və 305.1-ci mad. əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

News

2021 Sep

28.09.2021

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

İclasda Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 40-cı və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun və Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın və Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 40.2-ci, 43.3-cü, 299-cu və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin “cinayət qanunu müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.