29.06.2021
İyunun
29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın
başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə çıxış edərək Azərbaycan–Türkiyə əlaqələrinin
ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslandığını
diqqətə çatdırıb. Sədr bildirib ki, qardaş ölkələrimiz arasındakı münasibətlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində
dayanmadan inkişaf edir. Böyük geosiyasi və iqtisadi potensiala malik bu
strateji əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə
bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.
Vurğulanıb
ki, cari il iyunun 15-də ölkəmiz üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşımıza həkk olundu.
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə
tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq
prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə
yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik
münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək
baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd
olunub ki, Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasının əzəli
torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ, eləcə də işğal olunmuş
digər ərazilər uğrunda Ermənistan silahlı qüvvələrinin işğalına və təxribatına
qarşı apardığı mübarizədə dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi,
həm də ədalətin qələbə çalmasına dəstək verməsi əsl qardaşlıq göstəricisidir.
Bildirilib
ki, təcavüz və işğal nəticəsində Azərbaycan vətəndaşlarına qarşı törədilmiş
soyqırımı və etnik təmizləmə törətmiş şəxslər beynəlxalq səviyyədə məsuliyyətə
cəlb olunmalıdırlar. Hazırda Bakıda Azərbaycan ərazisində terror-təxribat cinayətləri
törətmiş erməni silahlı dəstələrinin üzvlərinin məhkəməsi keçirilir. Azərbaycan
ərazisində insanlıq əleyhinə cinayət törətmiş hərbi cinayətkarların məsuliyyətə
cəlb olunması ədalətin bərpasının tələbindən irəli gəlir.
Sədr Fərhad
Abdullayev vurğulayıb ki, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu nəzdində
beynəlxalq hüquq üzrə alimlərdən ibarət Qarabağ Müşahidə qrupunun yaradılması və
azad olunan Azərbaycan torpaqlarında faktaraşdırıcı fəaliyyətinin həyata
keçirilməsi və əsaslandırılmış hesabatların hazırlanması və beynəlxalq
ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Türkiyə
İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslan qonaqpərvərliyə və
ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını
ifadə edərək, qurumun nəzdində təcrübəli tədqiqatçılardan ibarət Qarabağ
Müşahidə Qrupunun fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat
verib. Bildirib ki, Vətən müharibəsində Böyük Zəfər nəticəsində işğaldan azad
olunmuş ərazilərimizdə Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə
cinayətləri, dağıdılmış tarixi, dini, mədəni, təhsil, səhiyyə, sosial obyektlərlə
bağlı faktların toplanması, hesabatların hazırlanması məqsədilə Türkiyə İnsan
Hüquqları və Bərabərlik Qurumu nəzdində yaradılan Qarabağ Müşahidə Qrupunun
üzvlərinin iyunun 28-dən iyulun 2-dək ölkəmizə səfəri çərçivəsində
faktaraşdırıcı missiyanın həyata keçirilməsi planlaşdırılır.
Süleyman
Arslan xüsusilə vurğulayıb ki, həyata keçirilən hazırkı missiya, işğaldan azad
edilmiş torpaqlarda beynəlxalq hüquq pozuntuları barədə ətraflı məlumatın
toplanması və tədqiq olunaraq mötəbər beynəlxalq təşkilatlara çatdırılması
Türkiyə Cümhuriyyətinin Azərbaycanın haqq işində ölkəmizə daimi dəstəyinin tərkib
hissəsidir.
Qeyd
edilib ki, müasir dünyada informasiyanın sürətli mübadiləsi, məlumatların əldə
olunması, operativ və obyektiv şəkildə beynəlxalq ictimaiyyətə təqdim edilməsi
qeyri-ədalətli və qərəzli mövqelərin formalaşdırılmasının qarşısının alınması və
beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına töhfə
verə bilər.
Söhbət zamanı ətraflı fikir mübadiləsi aparılıb, hüquqi məsələlər müzakirə olunub.
Görüşdə
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak ediblər.