Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüş keçirilib

Новости

2021 Jun

29.06.2021

İyunun 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə çıxış edərək Azərbaycan–Türkiyə əlaqələrinin ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslandığını diqqətə çatdırıb. Sədr bildirib ki, qardaş ölkələrimiz arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində dayanmadan inkişaf edir. Böyük geosiyasi və iqtisadi potensiala malik bu strateji əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.

Vurğulanıb ki, cari il iyunun 15-də ölkəmiz üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşımıza həkk olundu. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasının əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ, eləcə də işğal olunmuş digər ərazilər uğrunda Ermənistan silahlı qüvvələrinin işğalına və təxribatına qarşı apardığı mübarizədə dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi, həm də ədalətin qələbə çalmasına dəstək verməsi əsl qardaşlıq göstəricisidir.

Bildirilib ki, təcavüz və işğal nəticəsində Azərbaycan vətəndaşlarına qarşı törədilmiş soyqırımı və etnik təmizləmə törətmiş şəxslər beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalıdırlar. Hazırda Bakıda Azərbaycan ərazisində terror-təxribat cinayətləri törətmiş erməni silahlı dəstələrinin üzvlərinin məhkəməsi keçirilir. Azərbaycan ərazisində insanlıq əleyhinə cinayət törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb olunması ədalətin bərpasının tələbindən irəli gəlir.

Sədr Fərhad Abdullayev vurğulayıb ki, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu nəzdində beynəlxalq hüquq üzrə alimlərdən ibarət Qarabağ Müşahidə qrupunun yaradılması və azad olunan Azərbaycan torpaqlarında faktaraşdırıcı fəaliyyətinin həyata keçirilməsi və əsaslandırılmış hesabatların hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslan qonaqpərvərliyə və ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edərək, qurumun nəzdində təcrübəli tədqiqatçılardan ibarət Qarabağ Müşahidə Qrupunun fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsində Böyük Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, dağıdılmış tarixi, dini, mədəni, təhsil, səhiyyə, sosial obyektlərlə bağlı faktların toplanması, hesabatların hazırlanması məqsədilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu nəzdində yaradılan Qarabağ Müşahidə Qrupunun üzvlərinin iyunun 28-dən iyulun 2-dək ölkəmizə səfəri çərçivəsində faktaraşdırıcı missiyanın həyata keçirilməsi planlaşdırılır.

Süleyman Arslan xüsusilə vurğulayıb ki, həyata keçirilən hazırkı missiya, işğaldan azad edilmiş torpaqlarda beynəlxalq hüquq pozuntuları barədə ətraflı məlumatın toplanması və tədqiq olunaraq mötəbər beynəlxalq təşkilatlara çatdırılması Türkiyə Cümhuriyyətinin Azərbaycanın haqq işində ölkəmizə daimi dəstəyinin tərkib hissəsidir.

Qeyd edilib ki, müasir dünyada informasiyanın sürətli mübadiləsi, məlumatların əldə olunması, operativ və obyektiv şəkildə beynəlxalq ictimaiyyətə təqdim edilməsi qeyri-ədalətli və qərəzli mövqelərin formalaşdırılmasının qarşısının alınması və beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına töhfə verə bilər.

Söhbət zamanı ətraflı fikir mübadiləsi aparılıb, hüquqi məsələlər müzakirə olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak ediblər.