22.06.2021
Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə
iclası keçirilib.
İclasda
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci, 35.3-cü və 39.1-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələri - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi K.Əsədovun və
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun,
mütəxəssislər Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin və Bakı
Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun mülahizələrini və işin
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə
dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa,
cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir.
Daşınmaz əşya
üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət
qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.
Qərar dərc
edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.