Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MPM-nin 35.1-ci, 35.3-cü və 39.1-ci mad. əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Новости

2021 Jun

22.06.2021

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

İclasda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci, 35.3-cü və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi K.Əsədovun və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir.

Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.