08.05.2021
Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi
Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 8-də
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakimlər və Aparatın bir sıra
məsul əməkdaşlarının iştirakı ilə xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla
tədbir keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə
çıxış edərək ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın
inkişafı və milli dövlətçiliyinin gücləndirilməsi istiqamətində misilsiz tarixi
xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Qeyd edilib ki, Heydər Əliyev Azərbaycan hələ keçmiş
SSRİ-nin tərkibində olarkən yaratdığı iqtisadi potensialla dövlət
suverenliyinin və iqtisadi müstəqilliyin təməlini qoya bilmişdi.
Heydər Əliyevin tarixi missiyasının ən parlaq dövrü isə
onun xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməsindən
sonra başladı. 1988-ci ildən başlayaraq 1993-cü ilin əvvəllərinə kimi
Azərbaycanda mövcud olan qeyri-müəyyənlik və xaos, Ermənistanın Azərbaycana
qarşı davam edən təcavüzü ona gətirib çıxarmışdı ki, respublikamızın ərazisinin
bir hissəsi işğal olunmuş, dövlət strukturları və orqanları iflic vəziyyətə
düşmüş, xalqla iqtidar arasında böyük bir uçurum yaranmışdı. Uzun illər ərzində
respublikada yaradılmış güclü iqtisadi potensial zəiflədilmiş, müəssisə və
təşkilatlar tənəzzülə uğramış, vətəndaşların sosial vəziyyəti kəskin şəkildə
ağırlaşmışdı.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra - 1993-cü
ildən başlayaraq həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində ölkəmiz
davamlı sosial-iqtisadi yüksəlişə nail olmuş, əhalinin rifahının yüksəldilməsi
istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, diplomatik və
hərbi addımlar sayəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilmişdir.
Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin
əhəmiyyətindən bəhs edən F.Abdullayev vurğulayıb ki, 1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası
ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlətin, vətəndaş
cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun
formalaşmasına geniş imkanlar açmışdır.
Konstitusiyanın hazırlanması və qəbul edilməsi müasir müstəqil
Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu
öndər Heydər Əliyev Əsas Qanunun müəllifi kimi dövlət hakimiyyətinin demokratik
prinsiplər əsasında bölünməsinə, yeni qanunvericilik bazasının yaranmasına,
dünyəvi cəmiyyətin əsaslarının inkişafına nail olub.
Diqqətə çatdırılıb ki, Konstitusiyanın aliliyinin təmin
edilməsi məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yaradılıb. Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə
bilavasitə bağlıdır.
Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda
dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri
qaytarılması istiqamətində qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır,
çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha əzmlə çalışmağa sövq edir.
Otuz ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul
edilmiş qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğu açıq şəkildə bəyan edilmişdir. Azərbaycanın işğal olunmuş
ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan tərəfi icra etməkdən
boyun qaçırsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti
ilə bu qətnamələrin icrasını təmin edərəkölkəmizin ərazi bütövlüyünü bərpa
etdi.
Müəllifi ulu öndər Heydər Əliyevin olduğu və 2020-ci ildə
25 ili tamam olan Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi
işğaldan azad olunmuş torpaqlarımızda bərpa edildi. İşğal altındakı
torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının
bərpasını təmin etdi.
Sədr Fərhad Abdullayev qeyd edib ki, ötən il dekabrın 8-də
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar
yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT”
Fondunun yaradılması ilə bağlı Fərman imzaladı. Eyni zamanda, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial
dəstək və yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı
ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır.
8 noyabr – Şanlı Qələbə Günündə Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən
danışarkən deyib: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim,
onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim: xoşbəxt adamam ki, ata
vəsiyyətini yerinə yetirdim.”
2021-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi
haqqında Sərəncam imzalaması azad edilmiş torpaqların dünyanın ən gözəl
yerlərindən birinə çevrilməsində xüsusi rol oynayacaq.
Tədbirə yekun vuran Fərhad Abdullayev qeyd edib ki, bu gün
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə
inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızı dünyada
nüfuzlu dövlətlər sırasına daxil edən quruculuq işləri ulu öndər Heydər
Əliyevin siyasi irsinin davamıdır. Son illər isə ölkəmizin çoxsaylı beynəlxalq
siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsi Azərbaycana
beynəlxalq səviyyədə olan etimadın əyani göstəricisidir. Azərbaycan xalqının rifahına yönəlmiş
genişmiqyaslı tədbirlər daim davam etdiriləcək.