Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Konstitusiya Məhkəməsində qeyd olunub

News

2021 May

08.05.2021    

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 8-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakimlər və Aparatın bir sıra məsul əməkdaşlarının iştirakı ilə xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla tədbir keçirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyinin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

Qeyd edilib ki, Heydər Əliyev Azərbaycan hələ keçmiş SSRİ-nin tərkibində olarkən yaratdığı iqtisadi potensialla dövlət suverenliyinin və iqtisadi müstəqilliyin təməlini qoya bilmişdi.

Heydər Əliyevin tarixi missiyasının ən parlaq dövrü isə onun xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməsindən sonra başladı. 1988-ci ildən başlayaraq 1993-cü ilin əvvəllərinə kimi Azərbaycanda mövcud olan qeyri-müəyyənlik və xaos, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ona gətirib çıxarmışdı ki, respublikamızın ərazisinin bir hissəsi işğal olunmuş, dövlət strukturları və orqanları iflic vəziyyətə düşmüş, xalqla iqtidar arasında böyük bir uçurum yaranmışdı. Uzun illər ərzində respublikada yaradılmış güclü iqtisadi potensial zəiflədilmiş, müəssisə və təşkilatlar tənəzzülə uğramış, vətəndaşların sosial vəziyyəti kəskin şəkildə ağırlaşmışdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra - 1993-cü ildən başlayaraq həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində ölkəmiz davamlı sosial-iqtisadi yüksəlişə nail olmuş, əhalinin rifahının yüksəldilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, diplomatik və hərbi addımlar sayəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilmişdir.

Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən F.Abdullayev vurğulayıb ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açmışdır.  Konstitusiyanın hazırlanması və qəbul edilməsi müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyev Əsas Qanunun müəllifi kimi dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, yeni qanunvericilik bazasının yaranmasına, dünyəvi cəmiyyətin əsaslarının inkişafına nail olub.

Diqqətə çatdırılıb ki, Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır, çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha əzmlə çalışmağa sövq edir.

Otuz ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə bəyan edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan tərəfi icra etməkdən boyun qaçırsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin edərəkölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Müəllifi ulu öndər Heydər Əliyevin olduğu və 2020-ci ildə 25 ili tamam olan Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda bərpa edildi. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasını təmin etdi.

Sədr Fərhad Abdullayev qeyd edib ki, ötən il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT” Fondunun yaradılması ilə bağlı Fərman imzaladı. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır.

8 noyabr – Şanlı Qələbə Günündə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim: xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.”

2021-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalaması azad edilmiş torpaqların dünyanın ən gözəl yerlərindən birinə çevrilməsində xüsusi rol oynayacaq.

Tədbirə yekun vuran Fərhad Abdullayev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən quruculuq işləri ulu öndər Heydər Əliyevin siyasi irsinin davamıdır. Son illər isə ölkəmizin çoxsaylı beynəlxalq siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsi Azərbaycana beynəlxalq səviyyədə olan etimadın əyani göstəricisidir.  Azərbaycan xalqının rifahına yönəlmiş genişmiqyaslı tədbirlər daim davam etdiriləcək.